Bir içimlik Musiqi - 2-ci yazı

Rate this item
(0 votes)

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Azərbaycan Milli Konservatoriyası barədə qeydlər 

 

Azərbaycan Milli Konservatoriyasında Tələbə Gənclər Təşkilatı da (TGT) fəaliyyət göstərir. Təşkilata Ayxan İmanov başçılıq edir. Aktiv tələbələri öz ətrafına toplayıb, tələbələrlə bağlı olan tədbirlərə təşkilatçılıqdan tutmuş bir çox fəaliyyətlərdə yaxından iştirak edir. Ən sevindirici hallardan biri də odur ki, Siyavuş Kərimi mütəmadi olaraq tələbələrlə görüşlər keçirir, onların arzu istəklərini dinləyır, onlara imtahanqabağı motivasiya verəcək sözlər deyir, bütün problemləri yerində həll etməyə çalışır. Bir neçə dəfə rektorun tələbələrlə görüşündə də iştirak etdim və xoş təəsüratla ayrıldım.

Bu böyük sənət ocağının yaranma tarixi Heydər Əliyevlə bağlı olmuşdur.

Onun böyük inamı sayəsində yaranan Konservatoriyada fəaliyyətə davam edən kafedralardan tutmuş bütün inzibati işçilərə qədər hər kəs sənət naminə çalışmaqdadır.

Muğam (Xanəndə) kafedrasının müdiri xalq artisti Mənsum İbrahimovdan izn alıb bəzi dərsləri ustad dərsi kimi lentə alıram. Çəkiliş qrupuyla dərslərdə iştirak edirik. Kafedrada çalışan müəllimlər bu gün üçün Azərbaycan muğamının ustad sənətkarlarıdır. Bir neçə müəllimin dərslərində olub, lentə alırıq. Əməkdar artist İlkin Əhmədov,əməkdar artist Təyyar Bayramov, xalq artisi Mənsum İbrahimov, xalq artisti Zabit Nəbizadə, xalq artisti Aygün Bayramova, xalq artisti Nəzakət Teymurova, baş müəllim Vüqar Əliyev və digər ustadların dərslərində olduq.

Hərdən muğam dərslərində müəllimlərin qəzəllərə olan münasibətinə, sözlə musiqinin vəhdətinə elə aludə oluram ki, çəkiliş edəcəyim, yazacağım düşüncələrimə mane olur. Mən dahi Füzulinin qəzəllərinin muğama çevrilən vəhdətini özüm də hiss etmək istəyirəm. Tar ifasının müşayəti məni uzaq xatirələrə, babamın tar ifasına və dediyi qəzəllərə aparır.

Düşünürəm ki, yaradıcılıq və sənət sevgisi harda olsa belə adamı darda qoymur və gec-tez insanı öz arzularıyla baş-başa buraxır.

 Tərtəmiz, geniş, isti dəhlizlərdən, qapıdan, qarderobdan başlayan səliqə-səhmandan da bir neçə kəlmə demək istəyirəm. Səmimi və gülər üzlü inzbati işlər üzrə prorektorumuz Sevil Qasımzadə bu işlər üçün böyük əmək sərf edir və can yandırır. Çünki gözəl şərait, rahatlıq, istilik, işıq və bu kimi önəmli olan amillər təhsil ocağında çox vacibdir.

Azərbaycan Milli Konservatoriyasi elmi istiqamətdə də  fəaliyyyət göstərir.

 Onun nəzdində mütəmadi olaraq "Konservatoriya" adı altında elmi jurnal dərc olunur. Yüksək elmi qayda-qanunlara nizamlanmış bu jurnal elmi işlər üzrə prorektor Lalə Hüseynovanın rəhbərliyi altında işıq üzü görür. Konservatoriyada elmi laboratoriya da mövcuddur.

Azərbaycan Milli Konservatoriyasında tez-tez kafedraların müəllimlərinin təqdimatları keçirilir. Etnomusigişünaslıq kafedrası da elmi məqalələr çap etdirməklə yanaşı, dərsliklərini, metodiki vəsaitlərini nəşr etdirməkdə çox aktiv olan kafedralardan biridir.

Kafedranın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova bir neçə kitabla məni tanış edib, bu barədə geniş məlumat verdi. Bundan başqa Musiqinin Tarixi və Nəzəriyyəsi Kafedrasının müdiri, əməkdar incəsənət xadimi Akif Quliyev də kafedrada keçirilən dissertasiya müdafiəsi  işləri barədə məlumat verdi.

Elm sahəsiylə yanaşı tədris şöbəsi, imtahan mərkəzi, Beynəlxalq Əlaqələr Departamenti ilə yaxından tanış oluram. Aygül Əhmədova kimi çox çalışqan bir xanımı tanıyıram. O, əcnəbi tələbələrlə tez-tez görüşlər keçirir, onların problemləri ilə məşğul olur, bir çox forum və tədbirlərdə mütəmadi olaraq iştirak edir, öz üzərində çalışır. Bütün görülən işlərin hesabatı və təqdimatı da əlbəttə ki, var. Azərbaycan Milli Konservatoriyasında Konsert - Yaradıcılıq və Kütləvi Tədbirlər Departamenti də fəaliyyət göstərir. Departamentin rəhbəri Riad Quliyevdir. Azərbaycan Milli Konservatoriyasının böyük zalında silsilə hesabat konsertləri keçirilir. Dirijorluq Kafedrasının Orkestr və xor kollektivlərinin təşkil etdiyi konsertləri xüsusı vurğulamaq istərdim. Arif Məhərrəmovun bədii rəhbər olduğu “Ariflər" Xalq Çalğı Alətləri Orkestrinin konserti, Dirijorluq Kafedrası xor kollektivləri konsertində kafedranın müdiri, dossent Leyla Zaliyeva Kərkük musiqisinin  xor üçün işləmələrini çox böyük istedadla təqdim etdi. Onun təqdimatında türk musiqisinin yeni versiyası ortaya çıxır. Konsertə baxdıqca, bu məharətli ifanı dinlədikcə, Türkiyədə keçiriləcək konsertlərin birini xəyal edirəm. Dirijorluq kafedrası demək olar ki, Azərbaycan Milli Konservatoriyasının özəyini, əsasını təşkil edir. Kafedranın müdiri Leyla Zalıyeva son dərəcə diqqətlə və səliqə ilə öz işinə yanaşır. Bu yanaşma orkestr və xor kollektivlərinin hər bir işində özünü büruzə verir. 

Hesabat konsertləri sırasında əməkdar artist, Populyar caz və ifaçılıq Kafedrasının müdiri, Berkli kollecinin fəxri məzunu və müəllimi Emil Əfrasıyabın təqdim etdiyi konsert də böyük rəğbətlə qarşılandı.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)