IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində 2023-2024-cü illər üzrə IV Məktəblərarası Rəsm Müsabiqəsinin iştirakçıları mükafatlandırılıb. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, müsabiqə Azərbaycanın Birləşmiş Rəssamlar Klubu, “Antaris” şirkəti və “Faber-Castell” SC ilə birgə təşkil edilib.

 

Münsiflər heyətində Birləşmiş Rəssamlar Klubunun sədri Bəhram Xəlilov, “Faber-Castell” şirkətinin Azərbaycandakı nümayəndəsi Ləman Yusifli və rəssam Səbinə Cəfərova yer alıb.

 

İki turdan ibarət olan IV Məktəblərarası Rəsm Müsabiqəsinə 2023-cü ilin payızında start verilib. “Qarabağ” mövzusunda hər olunan birinci tur 2024-cü ilin aprelində keçirilib. İkinci tur “Dünya ənənələri və dünya nağılları”na həsr olunub. Ümumilikdə müsabiqəyə 500 yüzə yaxın iştirakçı qoşulub, onlardan altmışı ikinci tura keçib və sonda beş finalçı seçilib.

 

Müsabiqədə 1-ci yerə Dəniz Cəfər, 2-ci yerə Fərəh Əkbərzadə, 3-ci yerə Yunus Dalğa, 4-ci yerə Aysun İbrahimova, 5-ci yerə isə Fərəh Xələfzadə layiq görülüb. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.

 

2020-ci ildən bəri bu müsabiqə uşaqlar və yeniyetmələrin yaradıcılığını sövq edən çox gözəl ənənəyə çevrilərək, hər il 6-17 yaş arası məktəblilər arasında keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.