“Tomris” sərgisinə Heydər Əliyev Mərkəzi qucaq açdı Featured

Rate this item
(1 Vote)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biri-birindən gözəl rəsmlər. Tarixi, tarixi olduğu qədər də əfsanəvi türk qəhrəmanı və gözəlinin, məşhur türk sərkərdəsi və hökmdarının fərqli-fərqli rəsmləri…

Dünən axşam saatlarında Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı beynəlxalq sərgisinın açılış mərasimi keçirildi. 

 Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərginin ideya müəllifi isə Xalq rəssamımız Sakit Məmmədovdur. Qeyd edim ki, sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 20-yə yaxın rəssamın əsərləri nümayiş olunur.

Rəssamları təqdim edim: Sakit
Məmmədov, Arif Əziz, Xanlar Əhmədov
(Azərbaycan), Sembiqali Smaqulov, Aqimsal
Düzelxanov, Ədilğali Bayandı, Əlibi Bayğojanov, Tolkın Tabısbek, Möldir
Bayğojanova, Bakıtbek Zerde, Aytkul
Tasmaqambetova, Botagöz Toleş,
Rahat Saparaliyeva (Qazaxıstan), Talant
Oqobayev, Jılkıcı Jakıpov, Rahat İtikeyev,
Yuristanbek Şıqayev, Eldar Aytmatov, Suyutbek Torobekov (Qırğızıstan),
Sardor Alaberqenov (Qırğızıstan) və Refik Aziz (Türkiyə) - türk dünyasının ən məşhur rəssamları. Tablolarda həm Tomris vəsf olunub, həm türk tarixi barədə mənzərələr  yer alıb. 

Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tarixi şəxsiyyət hesab edilən Tomrisin Türk dünyasının mərkəzi fiqurlarından biri olduğunu diqqətə çatdırıb. “Tomris həm Qərb, həm də Şərq incəsənətinin ikonik fiqurlarından hesab olunur. Onun obrazına Herodot vasitəsilə İntibah dövrünün böyük sənətkarları müraciət ediblər. Tomrisin obrazına müraciət XX əsrdə türk rəssamları, yazıçıları və digər incəsənət xadimləri tərəfindən olsa da, XXI əsrdə o yeni ruh, yeni rəng əldə edib”, - deyib nazir müavini. 

Qeyd edib ki, bugünkü sərgi Tomris obrazına müxtəlif yanaşmaları, fərqli bədii üslubları özündə əks etdirir. “Tomris həm hökmdar, həm sərkərdə, həm də incə xanım, ana obrazlarını özündə birləşdirir. Türk tarixində və mədəniyyətində onun özünəməxsus yeri var”, - deyə S.Yusifova əlavə edib.

TÜRKSOY-un Baş katibi Sultan Rayev isə çıxışında bildirib ki, bu sərgi 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Türk dünyası xalqlarının qadınlara verdiyi önəmi vurğulamaq məqsədilə ilk qadın hökmdar və sərkərdə olan Tomrisə həsr edilib. “Tomris haqqında çoxlu tarixi əsərlər yazılıb, kino və teatrda onun obrazı yaradılıb. Həm dünya, həm də türk rəssamlarının böyük diqqətini çəkib və mədəni irsimizə də zənginlik qazandırıb. Bu sərginin Azərbaycanda açılmasının xüsusi əhəmiyyəti var. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Tomris Xatun bu torpaqlarda yaşayıb və Türk dünyasının ilk qadın hakimi adını alıb”, - deyə Baş katib söyləyib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova öz növbəsində müasir rəssamların əsərlərinin ortaq irsimizi, qəhrəmanlarımızı, tariximizi, ənənələrimizi ifadə etdiyini deyib. O vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi ortaq köklərə sahib türk xalqları arasında körpülərin qurulmasına öz töhfəsini verir.

Qazaxıstan Rəssamlar İttifaqının üzvü Batagöz Toleş, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Səlhab Məmmədov, Xalq rəssamı Sakit Məmmədov sərgi haqqında fikirlərini bölüşüblər.

Çıxışlardan sonra TÜRKSOY tərəfindən sərgidə əsərləri nümayiş olunan rəssamlara mükafat təqdim edilib. Mükafatları TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarov təqdim edub. Azərbaycan Mədəniyyət Nazirliyi isə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb. Mükafatı Səadət Yusifovaya Sultan Raev təqdim edib. 

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi barədə qonaqların təəssüratlarını aldıq. 

Araşdırmaçı Azər Turan bildirdi ki, Tomris kimi türk dünyasının ümumi qəhrəmanını diqqət mərkəzinə gətirmək böyük işdir, Tomrisin biz azərbaycanlılarla bağlı olan məqamları isə xüsusən qürurvericidir. 

İstedadlı rəssam Mehriban Alışova isə bu sayaq sərgilərin ölkəmizdə keçirilməsinin, türk dünyasının tanınmış rəssamlarının bir araya gəlməsinin çox əhəmiyyətli olmasını qeyd etdi. 

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)