Azərbaycan Yazıçılar Birliyində Sadıq Qarayevin 50 illik yubiley tədbiri keçirilib

Rate this item
(0 votes)

Sadiq Qarayev bioloq alimdir və yazıçıdır. Bu günlərdə onun 50 yaşı tamam olub. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda bu münasibətlə tədbir keçirilib. 

 

“Ədəbiyayyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə çıxış edən natiqlər yazıçının ömür yolundan, elmi tədqiqatlarından, bədii yaradıcılığından və ictimai fəaliyyətindən söhbət açıblar.

Qeyd olunub ki, Sadıq Qarayev yazıçı və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçilir və öz əsərlərində azərbaycançılıq məfkurəsi, milli dövlətçilik ideyalarının təbliğinə önəm verir. 

Bildirilib ki, S.Qarayev “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının, yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi məqalənin müəllifidir.

Tədbirdə şəxsiyyətin özünütəsdiqi, toplum və təbiət hadisələrinin qarşılıqlı bağlantısı, bəşəri qayğılar fonunda milli dəyərlərin qorunması, zənginləşdirilməsinin dolğun təsvir edildiyi “Sahilsiz təzadlar” romanı, “Orbitlər və universal mövcudluq nəzəriyyələri” adlı elmi ideyaların müddəaları obrazlı vasitələrlə oxucuya çatdırılan, azərbaycanlı çekistlərin vətənpərvərlik və peşəkar xidmətini əks etdirən ilk iri həcmli “Sahibsiz kölgələr” romanı, tarixi Zəfərimizə həsr edilmiş ilk elmi-fəlsəfi, sənədli-publisist, “N” saylı qəhrəmanlıq” tarixi romanı, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar” və “Azərbaycançılıq məfkurəsi” kitabları ətrafında elmi, ədəbi təhlillər və müzakirələr aparılıb. Müəllifin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış əsərləri ilə seçildiyi vurğulanıb.

Sonda Sadıq Qarayevə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının fəxri fərmanı və AYB-nin fəxri diplomu təqdim olunub. Həmçinin Milli Məclisin Mədəniyyət Komitəsinin təbrik məktubu oxunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)