Naxçıvan Kitab Sərgisində yazıçı Varislə görüş və imza saatı keçirilib Featured

Rate this item
(0 votes)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ümumilli lider Heydər Əliyevin 101, Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunan “Bookfest”  Naxçıvan Kitab Sərgisi davam edir. 11 mayadək Naxçıvan şəhərindəki Saat Meydanında davam edəcək sərgidə  tanınmış şair və yazıçılar iştirak edir və maraqlı mövzularda çıxışlar olur. 

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və ˝ TEAS Press˝  Nəşriyyat evinin təşkilatçılığı ilə baş tutan kitab bayramında dörd gün ərizndə müxtəlif istiqamətlərdə maarifləndirmə aksiyaları keçirilir, uşaqlar üçün əylənərək öyrənmək imkanı verilir.

 

İlk günlərdə yazıçı və kouç Elçin Əzimlinin, şair Raqif Raufoğlunun, uşaq yazıçısı Mürşüd İsmayılzadənin maraqla qarşılanan görüşləri olub. 

Növbəti dəfə isə naxçıvanlı kitabsevərlər yazıçı Varislə görüşüblər. Bir saatlıq reqlament pozularaq iki saata qədər uzanıb, təqdim edilən “TEAS Press” Nəşriyyat evində çap olunmuş “Uzaqdan gələn yağış” kitabının satışa çıxan yüzlərlə nüsxəsi çox az bir zamanda satılıb qurtardığından çox sayda kitabsevər kitabsızlıq məyusluğu yaşayıblar. Bununla belə, hər halda görüşdən məmnun olublar. 

Yazıçı ədəbiyyat barədə, yaradıcılığı barədə, gələcək planları barədə danışıb, oxucularının suallarını cavablandırıb. Sonra isə imzalama mərasimi başlayıb, bu gözəl anlar fotolarda həkk olunub. 

Sonra isə yazıçı yerli televiziyaya, mətbuata müsahibələr verib.

Qarşıda kitabsevərləri Elxan Elatlı, Aqşin Yenisey, Zahid Xəlil, Aysel Şıxlı ilə maraqlı görüşlər, imza saatları, panel müzakirələri gözləyir!

“APF Group” MMC, “Ləzzət Qrup” MMC, “Güvən İnşaat”, “Sürət Kargo”, və “İbesta” nun sponsorluğu, “Azərtac” Dövlət İnformasiya Agentliyinin, Naxçıvan Dövlət Televiziyasının, Real TV, “Şərq qapısı” qəzetinin, “Nuhçıxan” və “Report” İnformasiya agentliklərinin media tərəfdaşlığı ilə keçirilən kitab sərgisi həqiqətən də əsl bayrama çevrilib. 

Naxçıvan şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagird və müəllim kollektivinin, Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin ifasında konsert proqramıları tədbir iştirakçılarına əyləncəli anlar yaşadır. 

Gənclərin sevimlisi ˝Tufan Band˝ “Bookfest ˝in maraqlı proqramını daha rəngarəng edəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)