“Sonra dönüm işıq olum…” - Nazim Əhmədlinin 70 yaşı Laçında qeyd edilib Featured

Rate this item
(1 Vote)

Ülviyyə, “Ədəbiyyat və incəsənət”

 

Poeziyamızda bir ad var. Bu ad bizə gözəl lirik şeirlər bəxş edir, eləcə də ədəbiyyatımızın təbliği yolunda təqdirəlayiq işlər görür. Onun 70 illik yibiley tədbiri keçirildi. 

 

Təfsilatı:

Laçın şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Nazim Əhmədlinin 70 illik yubileyi keçirildi. 

Tədbir barədə Nazim Əhmədlidən bilgilər aldıq. 
İlk öncə tədbir iştirakçıları şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra qonaqlar şairin həyat və yaradıcılığını əks etdirən 20-dən çox kitabın yer aldığı sərgi ilə tanış olublar.

Nazim Əhmədli bir sıra beynəlxalq təşkilatların tədbirlərində ölkəmizi ləyaqətlə təmsil edib. Şeirləri, hekayələri respublika mətbuatında müntəzəm dərc olunub və rus, çeçen, alman, ingilis, yapon dillərinə tərcümə edilib, Türkiyə, özbək türkcələrində işıq üzü görüb. Nazim Əhməd yerli yazarların xaricdə də yayımlanmasına bacardıqa kömək edir. Məsələn, “Krımın səsi” dərgisində müntəzəm həmyerlilərimizin ədəbi nümunələrinə yer ayrılır. 
Elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğlu, naşir Səbuhi Aslanov, AMEA-nın əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad və başqaları Nazim Əhmədlinin yaradıcılığından söz açıblar, şairlə bağlı xatirələrini bölüşüb, onun şeirlərini oxuyublar.

Sonda şair həm müəllifi olduğu və həm də başqa yazarların kitablarını Laçında fəaliyyət göstərən "Simurq" kitabxanasına hədiyyə edib.


 

bir gün mən də bulud olum

 

bir gün mən də bulud olum,


göy üzündən baxım sənə;


sonra  qaralım, bozarım,


guruldayım yağım sənə;

 

əllərini uzat göyə,


yağma-yağma deyə-deyə;


mən də qoşulum küləyə


toxunsun ayağım sənə;

 

sonra dönüm işıq olum,


baxım sənə, aşiq olum;


yaşıl bir sarmaşıq olum,


dolansın budağım sənə;

 

bir az saral, bir az da sol,


bir az kövrəl, bir az da dol;


sonra bir şirin bulaq ol


qurusun dodağım sənə.

 

Düz tapdınız. Nazim Əhmədlinin şeiridir. Urvatlı şeir heç vaxt onu yazan şairi kölgədə saxlamaz.

Yubileyin mübarək, Nazim Əhmədli!

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)