Türk Mədəniyyəti və İrsi Fondundan azərbaycanlılara Yeni il töhfəsi

Rate this item
(0 votes)

 

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun bu günlərdə rəhbərliyi dəyişildi, müddətini başa vurmuş Günay Əfəndiyevanı qazaxıstanlı dövlət xadimi Aktotı Raimkulova əvəz etdi. Və yeni prezident dərhal fəallıq göstərir. Yeni il münasibətilə Fondda rəsmi qəbul keçirildi, ardınca da dünən gözəl bir tədbirə şahidlik etdik. 

 

Müslüm Maqomayev adına 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fond tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Turan” Etnofolklor ansamblının və Zəfər qrupunun iştirakları ilə konsert proqramı təşkil olundu. 

Konsertdən öncə xanım Aktotı Raimkulova Fondun yaradılması təşəbbüsünə və təşkilata göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Qazaxıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan və digər Türk dövlətlərinə təşəkkürünü bildirdi.

Türk dünyasının ortaq mədəniyyətə, tarixə və ədəbiyyata malik olduğunu vurğulayan Aktotı Raimkulova bu il Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi önəmli tarixi zamanda burada bir daha Azərbaycanın tarixi Qələbəsini yada saldı, bu münasibətlə Azərbaycanı və bütün Türk dünyasını təbrik etdi. “Bu Qələbə bütün Türk dünyasının Zəfəridir. Qarabağ Azərbaycandır!”, - deyə o vurğuladı.

Sonra keçirilən konsertdə bizim “Zəfər” muğam qrupu “Can Qarabağ” əsərini və digər mahnıları təqdim etdi. 

Daha sonra çıxış edən Qazaxıstanın tanınmış “Turan” etnofolklor ansamblı Türk dünyasının zəngin musiqisindən nümunələr ifa etdi.

Giriş sərbəst idi, tamaşa zalını dolduran izləyicilər tam məmnun qaldılar.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)