Erkan Birlik: “İldə minlərlə kitab çap edirik, amma ədəbi dəyər baxımından çalışmadığımız göz qabağındadır” -MÜSAHİBƏ Featured

Rate this item
(2 votes)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu gün sizlərə Türkiyənin çağdaş yazarı Erkan Birliklə müsahibəmi təqdim edirəm. Düşünürəm ki, fantastika, fentezi, mistika və macəra janrlarında yazan bu yazarla müsahibə marağınıza səbəb olacaq. 

 

-Salam Erkan bəy! Necəsiniz? Zəhmət olmasa Azərbaycan oxucusuna özünüz haqqda məlumat verərdiniz.

 

-1992-ci il avqustun 16-da ölkəmin ən dəyərli şəhərlərindən biri olan İzmirdə gözümü dünyaya açdım. Ailəmin iki övladının böyüyüyəm. Məndən 3 yaş kiçik bir bacım var. İzmirdə doğulmuşam, amma işimizə görə bir çox şəhər və rayonları dəyişdik. Hətta iki semestrli məktəbin yarısını bir şəhərdə, yarısını başqa şəhərdə bitirmişəm. Təhsildən söz düşmüşkən, universitetin İqtisadiyyat fakültəsinin maliyyə şöbəsini bitirmişəm.

 

-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-Hələ ibtidai məktəbə başlamamışdım, hətta bir il gec də yazılmışdım. Həmyaşıdlarımın məktəbə getdiyini görəndə kədərlənirdim. Anam isə mənimlə digər uşaqlar arasında körpü yaratmaq üçün ev işlərini qoyub hər gün mənə baxırdı. Əslində onun işi daha ağır idi. Evin qayğısına qalır, kiçik bacıma qulluq edir, mənə oxumağı və yazmağı öyrədirdi. Məktəbə bir il gec başlasam da, anam müəllimim olub. Həm də o vaxt ailəmin iqtisadi vəziyyəti o qədər də yaxşı deyildi. İşığımız kəsilən günlərdə bazardan şam alıb onunla dolanırdıq. Dərslərimizi bitirəndə anamız qarşımızda oturub bizə nağıl danışırdı. Bunlar məşhur hekayələr deyildi. O, hər gün yeni bir hekayə danışır və hamısını özündən uydururdu. Onun bu fantastik hekayələri beynimdə yeni bir fikrin formalaşmasına yol açdı. Daha sonra ibtidai məktəbin 3-cü sinfində ilk dəfə hekayə yazdım. İllər sonra, 2015-ci ildə nəşriyyata müraciət etdim və məni peşəkar yazıçı kimi addım atdıran müqaviləni imzaladım.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-2016-cı ildə mənə “müəllif” adını verən ilk kitabımı çap etdirdim. Onun adını “Silinme” qoyduq. “Silinmə” Türkiyənin Gizli Kəşfiyyat bölmələrindən biri olan “Sobite” (Son Birlik Təşkilatı) təşkilatının xarici və daxili məxfi əməliyyatları ilə bağlı idi.

2018-ci ildə İstanbuldan mənə zəng gəldi. Zəng edən yazıçı dostlarımdan Sevgi Karanfiler idi. Mənə birgə kitab yazmaq təklifi etdi və mən də qəbul etdim. Yazı prosesimiz təxminən yarım il çəkdi. Kitabı tamamladıq, adını “Mucize - Aşk” qoyduq və çap etdirdik. Söhbət möcüzəvi sevginin iki insanı bir araya gətirmək üçün keçdiyi yollardan gedirdi.

Düşündüm ki, 2019-cu ildə yazmağı dayandırım. Bəzi şeylər mənim üçün çox çətin idi. Ən çox sevdiyim şeydən, yazmaqdan ayrılmamışdım, amma sanki fasilə verirdim. Bu müddət ərzində bir gecə yuxu gördüm. Bu yuxu həyatımı dəyişdi. Əsgərliyə gedib-gəldim və yenidən yazmağa başladım. Sanki yenidən doğulmuşdum.

2021-ci ildə əvvəlki yazdığım kitablardan fərqli olaraq fikrimi dəyişdirdim. Mən fantaziyaya, elmi fantastikaya yönəldim. Böyük araşdırma apardım və “Katran Adam” adlı ilk super qəhrəmanımı oxuculara təqdim etdim. Xüsusilə kiçik uşaqlarımız tərəfindən seviləcəyini bilirdim, amma ictimaiyyətin də diqqətini çəkməyi bacardı.

 

-Zaman sizin üçün nədir?

 

-Zaman ən yaxşı illərimizi bizdən alan bir insan dəyirmanı kimidir. Bu həm də çətinliklərin öhdəsindən gəlməyə imkan verən və gözlədiyimiz bir fenomendir. Hər kəsin ağzında olan və gündə bəlkə də dəfələrlə işlədilən sözdür. Məndən soruşsanız, zaman yaxşı istifadə edilməli bir vasitədir. Zərərlərin ödənilməsi, qazancın əldə edilməsinin arzusudur. Ona görə də vaxtdan yaxşı istifadə etmək insanın birinci məqsədi olmalıdır.

Ümumiyyətlə yazarkən ən rahat olduğum vaxtı seçirəm. Gündüz və ya gecə, evdə və ya açıq havada, səsli və ya səssiz mühit mənim üçün vacib deyil. İstənilən yerdə yazıb yarada bilərəm. Artıq yazıçı olmuş birisi yazarkən bir müddət xarici dünya ilə əlaqəni kəsməlidir. Çünki hər nə yazırsa, yazdığı başqa dünya yaratmaqdadır.

 

- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?

 

-Kitab oxumaq bir vərdişdir və ona çox gənc yaşda yiyələnmək lazımdır. Ona görə də valideynlərə daha çox iş düşür. Uşaq boş səhifə kimidir, nə yazsan oxuyar. Əgər əlinizdə telefon varsa və kompüter oyunları ilə maraqlanırsınızsa, uşağınızın kitab oxumasını gözləməyin. Siz bir addım atın ki, uşaqlar da bacarsın. Xülasə, kitab oxumaq vərdişi kiçik yaşlardan aşılanmalıdır. Bir atalar sözü var: Ağac cavan ikən əyilir. Burada deyilən budur ki, insanları kiçik yaşda qəbul etdirmək asandır, amma böyüyəndə onları istədiyinizə məcbur edə bilməzsiniz.

 

-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi?

 

-Qədim dövrlərdə insanlar daha çox kitab oxuyurdular. Yeni nəsil bundan uzaqdır. Əslində bu baş verənlərə görə indiki nəsli və gələcək uşaqları günahlandırmaq düzgün olmazdı. Çünki texnologiya əsrində doğulan uşaqlar təbii olaraq bu gözəlliyə göz açıblar. Kompüter, planşet, mobil telefon və s. Bunlar yalnız alət kimi istifadə olunsaydı, heç bir problem olmazdı. Biz nə etdik? Saatlarla texnologiyanın içində boğulduq. Hər şeyin artığı zəhərdir. Bu sizi bir vərdişə sövq edir və siz onu anlamırsınız. Ona görə də texnologiyada çox qalmayın. Lazım olan qədər istifadə edin. Beləliklə, kitab, jurnal, qəzet kimi beyninizi gücləndirəcək şeylərə vaxtınız olacaq.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?

 

-Azərbaycan ədəbiyyatından tam məlumatlı deyiləm. “Tamamilə məlumatsızam” deyəndə, bilmirəm, demək istəmirəm. Tanıdığım dəyərli ədəbiyyat adamları var, amma biz daha güclü olmalıyıq, qlobal dünyada söz sahibi olmalıyıq. Türk ədəbiyyatı da eyni problemləri yaşayır. Uzun illər əvvəl yaşamış məşhur yazıçılarımızın üzərinə çox şey əlavə edə bilmədik. İldə minlərlə kitab çap edirik, amma ədəbi dəyər baxımından çalışmadığımız göz qabağındadır. Artıq bunu ürəkdən deyil, pul üçün edirlər. Nəticədə biz arxa planda qalırıq və zamanla ayaqlaşa bilmirik. Etməli olduğumuz işlərdən biri birləşməkdir. Yaxşı olan insanları alqışlayıb dəstəkləməliyik. Bu yolla hamımız uğur qazana və fəxr edə biləcəyimiz işləri görə bilərik. Azərbaycan ədəbiyyatı üçün, eləcə də ölkəmin ədəbiyyatı üçün çalışan hər kəsə uğurlar arzulayıram.

 

-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?

 

-Mən məhsuldar yazıçı kimi tarixə düşmək istəyirəm. Çünki insanlar əsrlər boyu ölümsüzlük axtarışındadırlar. Məncə, ölümsüzlük heç vaxt unudulmamaq deməkdir. Məncə, kimlər dəyərli əsərlər qoyub gedirsə, adı daim hallanırsa, ölsə də yaşamağa davam edəcək.

Bundan başqa, bildirmək istəyirəm ki, mən fantaziya, elmi-fantastik xəttdən kənara çıxmayacağam. Demək olar ki, hər gün tapdığım yeni fikirləri yazıram. İndiyədək yüzlərlə kitab ideyası yaranıb. Hər birini yazmağa çalışsan, illər çəkəcək. Mənə ömür verilənə qədər yazmağa davam edəcəm.

İstəyirəm ki, kitablarım kino kimi janrlara - seriallara, cizgi filmlərinə, animasiyalara çevrilsin ki, daha geniş auditoriyaya çatsın.

 Ölkəmdə çox məşhur yazıçı olacağam, amma xaricdə də tanınmaq istəyirəm. Bunun üçün böyük hazırlıq görmüşəm. Tezliklə hamısına bir-bir qovuşacağam.

Mən Gox Arion təxəllüsü ilə super qəhrəmanlar aləmini davam etdirmək istəyirəm.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz?

 

-Yenilikçi bir şəkildə düşünməli olsam, elektron kitablar deyərdim. Çünki yenilikçi düşünmək lazımdır. Digər tərəfdən, oxucu kitabın iyini bəyənir. Toxunmağı və vərəqlərə işarələr çəkməyi və vacib qeydlər aparmağı sevir. Məndən soruşsanız, hər ikisindən istifadə edilməlidir.

 

– Bir gənc  yazar olaraq digər gənc yazarlara məsləhətləriniz nədir?

 

-Oxumaq... Oxumaq... Oxumaq... İlk növbədə oxumaq lazımdır. İnsanlar belə inkişaf edir və ideyaları olur. Mən istəyirəm ki, gənclər oxusunlar, böyüsünlər.

Hər cür kitabları ayırmadan oxusunlar.

Qoy gəzsinlər və qeydlər aparsınlar.

Heç kimlə rəqabətə girməsinlər. Bir rəqib axtarırlarsa, güzgüdəki görüntülərinə baxsınlar.

Söylədiklərimlə yanaşı mənə bu fürsəti verdiyiniz üçün sizə təşəkkür etmək istərdim. Qardaş xalqımız Azərbaycana salamlarımı çatdırıram. Çox sağ olun!

 

 -Dəyərli vaxtınızdan bizlər üçün zaman ayırdığınız üçün minnətdaram, Erkan bəy!

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)