Bu dəfə Şamaxıda Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət sərgi açılıb
Bəli, Şamaxı ölkənin mədəniyyət paytaxtı olmağa tam iddialıdır. Rayonun icra hakimiyyəti başçısı Tahir Məmmədov bir zamanlar ölkənin mədəniyyət beşiyi sayılan Şirvan elinin keçmiş ənənələrini bərpa etmək niyyətini gizlətmir. Azərbaycan Dili və Ədəbiyyatı Forumu yenicə başa çatmış, ədəbiyyat və elm xadimləri yenicə qonaqpərvər Şamaxıdan geri dönmüşdülər ki, indi də qədim diyara rəssamlar yığışıblar. Təfsilatı “Ədəbiyyat və incəsənət” portalının növbəti xəbərində.
Şamaxı Yaradıcılıq Mərkəzində Xalq rəssamı Arif Hüseynovun anadan olmasının 80, yaradıcılıq fəaliyyətinin 55 illiyinə həsr olunmuş sərgi açılıb. Bol eksponatlı sərgidə Azərbaycanın klassik nağılları, klassik şairlərin əsərləri və Azərbaycanın aşıq yaradıcılığına həsr olunmuş rəsm əsərləri nümayiş olunur.
Ölkənin mədəniyyət, elm, təhsil və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq qonaqları salamlayıb.
Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digərləri yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Bölgələrdə yaşayan yaradıcı gənclərin Azərbaycanın tanınmış yaradıcı simaları ilə tanış olması və işlərindən bəhrələnməsi, onların estetik tərbiyəsinə müsbət təsirin artması məqsədilə reallaşan bu tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tədbir Şamaxı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Sərgiyə təşrif buyuranlar həm tanınmış rəssamın kataloqunu əldə ediblər, həm heyranlıqla çəkdiyi rəsmlərə tamaşa ediblər.
Sərgiyə məktəb yaşlı uşaqların da gəlməsi xüsusən diqqətçəkəndir. Axı Arif Hüseynov klassik nağılları ustalıqla kətana köcürməklə məşhurdur.
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)