BÖLGƏLƏRƏ DİQQƏT BİR QƏDƏR DƏ ARTIRILMALIDIR - İctimai Şura Sabirabadda izdihamlı tədbir keçirdi Featured

Rate this item
(1 Vote)

Mədəniyyət Nazirliyi yanında İctimai Şura Mil-Muğan Regional Mədəniyyət İdarəsinə tabe mədəniyyət müəssisələri üzrə ictimai dinləmə keçirib. “Ədəbiyyat və incəsənət” portalı İctimai Şuranın sədr müavini Əkbər Qoşalıdan bilgi alaraq tədbirlə bağlı sizləri məlumatlandırır: 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şura aprelin 26-da Sabirabad rayon Mədəniyyət Mərkəzində Mil-Muğan Regional Mədəniyyət İdarəsinə tabe müəssisələr üzrə 350 nəfərə yaxın mədəniyyət işçisi və incəsənət xadiminin iştirakı ilə ilk regional ictimai dinləmə keçirdi. 

Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının, İctimai Şuranın üzv və ekspertlərinin, Regional Mədəniyyət İdarəsi rəhbərliyinin və digər qonaqların iştirak etdiyi tədbir şəhidlərin xatirəsinə sayğı duruşu ilə başladı. 

İctimai dinləməni giriş sözü ilə açan Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı geniş nitq söyləyərək ictimai dinləmənin keçirilməsinin məqsədləri barədə danışdı. 

Əkbər Qoşalı mədəniyyət qavramı, mədəniyyət iqlimi və qalib ölkənin mədəniyyət strategiyası haqqında fikirlərini bölüşərək, insan əli, ağlı və ruh gücü ilə yaradılmış bütün pozitivlərə kulturoloji baxışa vurğu etdi. 

Sədr müavini əcdadlarımızın hərb gələnəyinin çağdaş texnoloji yeniliklərlə üzvi birliyi, Dövlət-Xalq birliyi əsasında hərb meydanında qazanılmış şanlı Zəfərin mədəniyyət cəbhəsində davamının özəlliklərindən söz açdı. “Mədəniyyət” və “cəbhə” qavramlarının ilk baxışda sanki təzad təşkil etməsini isə xalqımızın uzun illərdir mütəşəkkil beynəlxalq anti-Azərbaycan erməni şəbəkəsi ilə üzləşməli olmasıyla bağladı. O, Azərbaycanafobiya, türkofobiya mərəz və şakərliləri ilə mübarizənin hər kəsin öz yerində və dərəcəsində öz işini ləyaqətlə yerinə yetirməsi ilə sıx əlaqədar olduğunu dedi. 

Əkbər Qoşalı Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun Ümummilli liderin zəngin irsi əsasında, Azərbaycan həqiqətlərinin təbliğ-tərənnümü işinə, beynəlxalq mədəni əlaqələrə yüksək diqqət-qayğısını hər bir mədəniyyət işçisi üçün örnək olaraq xarakterizə etdi. 

İctimai dinləmədə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı hesabat məruzəsi ilə çıxış edərək idarənin son bir ilə dair fəaliyyəti, əldə edilmiş uğurlar, qayğılar və yeni vəzifələr haqqında geniş bilgi verdi. İdarə rəisinin sözlərinə görə, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində 332 müəssisə var: “Onlardan 98-i Sabirabad, 82-si Saatlı, 80-i İmişli, 72-si Beyləqan rayonunda yerləşir. Ümumilikdə Kitabxanalar üzrə 189 müəssisə, klub müəssisələri üzrə 128 müəssisə, təhsil müəssisələri üzrə 5 müəssisə, Heydər Əliyev Mərkəzləri üzrə 4 müəssisə, Tarix-Diyarşünaslıq Muzeyləri üzrə 4 müəssisə və 2 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. 

Eyni zamanda, regionu əhatə edən rayonlarda müxtəlif kollektivlər fəaliyyət göstərir. Bu kollektivlərdən 6-sı instrumental ansamblı, 4-ü xalq çalğı alətləri ansamblı, 3-ü Folklor kollektivi, 4-ü Xor kollektivi, 1-i Pəhləvanlar kollektivi, 2-si Xalq teatrı olaraq fəaliyyət göstərir”. 

Faiq Xudanlı hesabat məruzəsində qeyd etdi ki, İdarə tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq regionda ilk çoxfunksiyalı, müasir tələblərə cavab verən, gənclərin asudə vaxtının səmərəli təşkili və regionda mütaliəyə olan marağın artırılması məqsədi ilə nümunəvi “Hophopnamə” Kitab Mərkəzi yaradılmışdır.

İctimai Şura adından məruzə ilə çıxış edən Şuranın sədr müavini Vüqar Qədirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ictimai nəzarətin zəif aparılması ilə bağlı fikirlərini rəhbər tutaraq bu sahədə fəaliyyətin canlandırılmasının və iradlardan ciddi nəticə çıxarmağın vacib olduğunu bildirdi. 

Vüqar Qədirov məruzəsində Mədəniyyət naziri cənab Adil Kərimlinin rəhbərliyi altında nazirliyin fəaliyyətində ciddi dönüş yarandığını, idarəçilik sistemində yeni yanaşmanın tətbiq edildiyini, İctimai Şuraya xüsusi önəm verdiyini vurğuladı və nazirliyin bütün strukturlarına və əməkdaşlarına bundan nəticə çıxarmalarının vacib olduğunu qeyd etdi.

Natiq Heydər Əliyev Mərkəzlərinin təkcə muzey kimi yox, ideoloji bir mərkəz olduğunu nəzərə alaraq bu sahədə ciddi struktur islahatlarının aparılmasının və Heydər Əliyev Mərkəzlərinə diqqətin artırılmasının  vacib olduğunu bildirdi. Mədəniyyət sahəsində fəaliyyət göstərən kolleclərin və ali təhsil müəssisələrinin gələcəkdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsinin kadr potensialının inkişafına müsbət töhfə verəcəyini bildirən V. Qədirov regionlarda müasir tələblərə cavab verən mədəniyyət müəssisələrinin tikilib istifadəyə verilməsinin bu sahənin inkişafına xidmət edəcəyini bildirdi.

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxışı zamanı regionda fəaliyyət göstərən gənclər profilli təşkilatlarla əməkdaşlığın artırılmasını, Türk Dövlətlərinin müvafiq mədəniyyət idarələri ilə müştərək layihələrin həyata keçirilməsini, Bakı şəhərində fəaliyyət göstərən yeni nəsil ədəbiyyat nümayəndələri ilə görüşlərin intensivliyinin artırılmasının vacibliyini diqqətə çatdırdı. 

Tədbirdə həmçinin Mil-Muğan Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri üzrə iş sektorunun baş məsləhətçisi (Beyləqan rayonu üzrə nümayəndə) Məhəmməd Qələndərov, Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin direktoru Ramella İsmayılova, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova, Sabirabad MKS-nin Kürkəndi kənd kitabxana filialının müdiri Əsmayə Davudova, Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev, Saatlı Dövlət Rəsm Qalereyasının bərpaçı rəssamı Nazim Fərəcov çıxış etdilər. 

Onlar öz çıxışlarında fəaliyyət göstərdikləri mədəniyyət müəssisələri üzrə əldə edilən nəaliyyətlər, mövcud problemlər və İctimai Şuranın üzvlərinin və ekspertlərin tədbirdə səsləndirdiklərii təkliflər barədə fikirlərini bölüşdülər və qarşılıqlı fikir mübadiləsi apardılar. 

İctimai dinləmənin sonunda İctimai Şuranın eksperti, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış etdi. Fariz Xəlilli mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşlarına məzmunlu çıxışlarına, bölgənin mədəniyyət müəssisələrinin qayğılarını müstəqil şəkildə səsləndirdiklərinə, problemlərin həll yollarını da təklif etdiklərinə görə minnətdarlıq etdi. Mil-Muğan Regional Mədəniyyət İdarəsinə məhdud imkanlarla qənaətbəxş işinə görə təşəkkür bildirdi. Fariz Xəlilli yaradıcılığın, təşəbbüskarlığın, inkişafın yolunun düzgün planlaşdırma və üst qurumların vaxtında operativ maddi və mənəvi dəstəyindən keçdiyini bildirdi. Mədəniyyət işçilərinin yerli və beynəlxalq elmi tədbirlərə qatılmasının yolunun açılmasının və mərkəzi büdcə tərəfindən dəstəklənməsinin vacibliyini qeyd etdi. Tarix-Diyarşünaslıq Muzeyləri və Rəsm Qalereyalarına son illərdə eksponat və əsər alınmamasının, kənd kitabxanalarının latın qrafikalı kitablarla çox zəif təmin olunmasının acınacaqlı hal olduğunu qeyd etdi. Mərkəzləşdirilmiş büdcə yanında büdcədənkənar fondun formalaşdırılmaması rəhbər işçilərin təcrübəsizliyi və ya qanunlara laqeyd münasibəti ilə əlaqələndirilə bilər. Fariz Xəlilli tarix-mədəniyyət abidələrinin qorunması və öyrənilməsi sahəsində qaldırılan problemlərlə şəxsən maraqlanacağını bildirdi. 

İctimai dinləmədə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin fəaliyyət istiqamətləri, gələcəkdə icra olunacaq layihələr və digər məsələlər barədə də müzakirələr aparıldı. 

Tədbirin sonunda mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət işçiləri Fəxri Fərmanla təltif olundular. 

Onu da vurğulayaq ki, İctimai Şura üzv və ekspertləri çoxfunksiyalı Mədəniyyət Mərkəzi ilə, həmçinin "Hophopnamə" Kitab Mərkəzi ilə yaxından tanış oldular, Kitab mərkəzinə müxtəlif kitablar bağışladılar. 

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)