Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Rate this item
(0 votes)

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı çərçivəsində aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Ramana qalasında tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən məlumat verir. 

 

Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ramana qalası ilə tanış olublar.

Tədbirin açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifinə əsasən, 1983-cü ildə UNESCO tərəfindən təsis olunmuş bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. “Ölkəmizdə də hər il qoruqların, nümayiş obyekti kimi istifadə olunan abidələrin təbliği məqsədilə müxtəlif tədbirlər və sərgilər təşkil edilir. Eyni zamanda, Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezidentin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, - deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, tarix və mədəniyyət abidələrinin qorunmasına, habelə təbliği işinə yönəltmək üçün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində ölkə ərazisində 29 tarix və mədəniyyət abidəsində ziyarətlər təşkili olunub.

 

Səadət Yusifova diqqətə çatdırıb ki, Ermənistanın işğalı nəticəsində çox sayda tarixi-mədəni irsimiz məhv olub. Vətən müharibəsində azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda hazırda abidələrin bərpası işləri aparılır.

 

O, həmçinin qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev mədəni irsimizin qorunmasını hər zaman diqqətdə saxlayıb. İndi bu strategiya Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)