Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Rate this item
(0 votes)

İyulun 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbiri keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Dövlət Reklam Agentliyinin rəhbər şəxsləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın müsbət turizm imicinin formalaşmasına hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarların birbaşa təsir etdiyini bildirərək, bunların qiymətləndirilməsinin hotellərin ulduz təsnifatından keçməsi və müvafiq ulduz dərəcələrini əldə etmələri ilə mümkün olduğunu qeyd edib.

 

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələrinin təyin olunduğunu bildirən Fuad Nağıyev, proses boyu çoxsaylı uyğunsuzluqlar səbəbindən təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin mövcudluğunu diqqətə çatdırıb. Fuad Nağıyev 40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxtın verildiyini və yenidən audit olunacaqlarını qeyd edərək, prosesdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsinin davam etdiyini vurğulayıb.

 

Agentlik sədri qarşıda duran əsas hədəfin COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsi olduğunu və bu sənayenin COP29 tədbiri dövründə də dövlətimizin adını yüksək tutmaq üçün səylə çalışacağına inandığını bildirib.

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışında ölkə iqtisadiyyatının sürətli və dayanıqlı inkişafında əsaslı rol oynayan turizm sənayesinin əhəmiyyətini qeyd edib.

 

Tədbirdə digər çıxış edənlər - Azərbaycan Hotel Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov və Avropa Ulduz Təsnifatı Birliyinin ("Hotel Stars Union”) prezidenti Markus Luthe turizm sahəsinin hər bir ölkənin iqtisadiyyatına ciddi təsir etdiyini, həmçinin sürətli və dayanıqlı inkişafına töhfə verdiyini vurğulayıblar.

 

Habelə turizm sektorunun əsas qollarından biri olan hotelçilik sferasında rəqabətliliyin təmin olunması üçün biznes subyektləri tərəfindən istehlakçı gözləntiləri istiqamətində keyfiyyət göstəricilərinin artırılması, turistik məhsul və ya xidmətlərin daha da inkişaf etdirilməsi diqqətə çatdırılıb. Həmçinin turizm sahəsində resursların səmərəli idarə olunması, iş proseslərinin optimallaşdırılmasına və xərclərin azaldılmasına töhfə verən yeni standartların qəbul edilməsinin vacibliyi vurğulanıb.

 

Tədbirdə, eyni zamanda, son dövrlərdə aktuallıq daşıyan halal turizmin inkişaf perspektivlərindən də bəhs edilib. İslami qaydalara cavab verən turizm xidmətləri və məhsullarının təklif edilməsinin müsəlman ölkələrindən gələn turistlər üçün cəlbediciliyi artıracağı qeyd olunub.

 

Sonra Milli Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam "Azərbaycan Hotel Ulduz Təsnifatı Sistemi: Cari vəziyyət və nəticələr", Azərbaycan Turizm Bürosunun Sənayenin inkişafı departamentinin direktoru Aytən Əlizamanlı "Hotel Dayanıqlılıq Əsasları” proqramı mövzularında təqdimatla çıxış ediblər.

 

Tədbirdə Dünya Səyahət və Turizm Şurası tərəfindən təsis edilən və Azərbaycan Turizm Bürosunun rəsmi tərəfdaşı olduğu “Hotel Dayanıqlılıq Əsasları” təşəbbüsünə qoşulmaq barədə məlumat verilib. Bildirilib ki, "Hotel Dayanıqlılıq Əsasları" proqramı yerləşmə sənayesinin qlobal dayanıqlılıq meyarlarına uyğunlaşmasına dəstək olmaq üçün ilkin atıla biləcək addımları ehtiva edir və bununla da dayanıqlılıq üzrə təşəbbüs göstərən bizneslərin fərqlənməsinə şərait yaradır.

 

Daha sonra Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Rəşad Əliyev Milli Rezervasiya Platforması barədə məlumat verib.

 

Həmçinin turistlərə hotel və digər yerləşmə vasitələrini daha rahat şəkildə rezerv etmək imkanı yaradan ilk Milli Rezervasiya Platformasının təqdimatı olub. Qeyd olunub ki, yerli rezervasiya platformasından istifadə edən hotellər, qonaq evləri, o cümlədən digər yerləşmə vasitələrinə imtiyaz və güzəştlər şamil ediləcək.

 

Sonda Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi ilə bağlı mükafatlandırma mərasimi olub.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)