“İçimdə ağlamaq ehtiyacı…” - NURƏNGİZ GÜNÜN GÜNÜ

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.

 

Bu təsirli misralar mərhum şair Nurəngiz Günündür, təqribən 40 il öncə qələmə alınıb. “Ağuşumda Jaləm” deyirdi şair, indi şairin qızı, filologiya elmləri doktoru, millət vəkili Jalə Əliyeva Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda düzənlənən Nurəngiz Günün günündə iştirak edirdi…

 

Azərbaycan ədəbiyyatının fərqli ismi, lirik sentimentalizmin gözəl nümayəndəsi, sevgi və həsrət şairi Nurəngiz Günün 85 illiyi münasibətilə "Nurəngiz Gün 85 - Ədibin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı" adlanırdı bəhs etdiyimiz bu tədbir.

Tədbirdə texnika və filologiya elmləri doktoru, şair-publisist Elçin İskəndərzadənin Nurəngiz Günə həsr edilmiş "Günəşin elçisi" esse-monoqrafiyası, AYB katibi Səlim Babullaoğlunun təşəbbüsü ilə Türkiyənin məşhur ədəbiyyat-sənət toplusu olan "Temrin" jurnalının şairəyə həsr edilən xüsusi nömrəsi, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi "Nurəngiz Gün Beynəlxalq Ödül" yarışmasının qaliblərinin, eyni zamanda Nurəngiz Günün xarici ölkələrdə yayınlanan şeirlərindən ibarət antologiyanın və şair Maşallah Məftunun Nurəngiz Gün haqqında qələmə aldığı "Güllərin soyqırımı" kitabları geniş oxucu kütləsinə təqdim edildi. 

Tədbiri açan Səlim Babullaoğlu Nurəngiz Günün müasir poeziyada xüsusi bir yer tutan şair olduğunu diqqətə çatdırdı. Səlim Babullaoğlu Nurəngiz Günə həsr edilən nəşrlər haqqında danışdı, bu nəşrlərin hər birinin Nurəngiz Gün yaradıcılığının və şəxsiyyətinin daha böyük miqyasda tanınması və təbliğ edilməsi baxımından əhəmiyyətdən daşıdığını bildirdi. 

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Nurəngiz Günlə bağlı xatirələrini danışdı, şairin təkrarsız və bənzərsiz yaradıcılığının xüsusiyyətlərindən bəhs etdi, onun yoxluğunun ədəbiyyatın itkisi olduğunu etiraf etdi.

Daha sonra “Günəşin elçisi" esse-monoqrafiyanın müəllifi Elçin İskəndərzadə, akademik Teymur Kərimli, deputat Arzu Nağıyev, professor Vaqif Yusifli, ədəbi tənqidçi, "Azərbaycan" jurnalının baş redaktor müavini Əsəd Cahangir, "Qobustan" jurnalının baş redaktoru, yazıçı Pərvin, tarix üzrə fəlsəfə doktoru, milyonçu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, yazıçı Narıngül Nadir, şair Aləmzar Sadıqqızı təqdim edilən nəşrlər və ədib barədə danışdılar, bu nəşrlərin Nurəngiz Gün haqqında tədqiqat aparacaq gənc tədqiqatçılar üçün bir qaynaq olduğunu vurğuladılar. 

Sonra çıxış edən Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün kitab müəlliflərinə, Yazıçılar Birliyinə təşəkkürünü bildirdi.

Nurəngiz Gün həqiqətən emosional yazırdı, amma mən onun şeirlərini daha çox belə xarakterizə edərdim: Nurəngiz Gün daha çox dərdli yazırdı.

 

Bomboş bir səssizlik,
 bomboş...
Boşluqda nə sevgi, nə nifrət, nə səadət, 
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm 
bu boşluğu!

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2013)