“44 gün – Tarixi zəfər” kitabının ikinci cildinin təqdimatı olub

Rate this item
(0 votes)

Sentyabrın 29-da Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə kitabı” redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün hazırlanan "44 gün – Tarixi zəfər” adlı kitabın ("F-L” hərfləri üzrə) ikinci cildinin təqdimatı keçirilib.

AzərTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Azərbaycanın lokal antiterror tədbirləri tarixin ən şanlı səhifələrindən birinə çevrilib. Qeyd edib ki, hazırda Azərbaycanın elə bir dövrüdür ki, hər bir vətəndaşımız bu Zəfərə öz töhfəsini verməlidir. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşən və Qələbə qazanan şəhidlərimizin və qazilərimizin heç vaxt unudulmayacağını, gələcək nəsillər tərəfindən hörmət və ehtiramla yad ediləcəyini vurğulayıb.

Respublika "Xatirə kitabı” redaksiyasının rəhbəri Nəzakət Məmmədova diqqətə çatdırıb ki, kitabda minə yaxın şəxs haqqında ensiklopedik məlumat verilib. İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilib. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə 1997-ci ildən başlayaraq bu redaksiya daha fəal, əhatəli işlər görülüb.

“Respublika “Xatirə kitabı” redaksiyası, həmçinin "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında səkkiz sənədli film çəkib. Bu filmlərin dördü geniş ictimaiyyətə təqdim olunub”, - deyə N.Məmmədova qeyd edib.

Tədbirdə digər çıxış edənlər Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevə və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova kitabla bağlı fikirlərini bölüşüb, yeni nəşrin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının necə mərd, döyüşkən xalq olduğunu dünyaya bir daha sübut edib. Qeyd edilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələri və müharibə əlilləri hərtərəfli qayğı ilə əhatə olunur.

“Vətən daşı… və ya 44 günün dastanı” filminin ssenari müəllifi və rejissoru Vüsal Nuru film haqqında ətraflı məlumat verib. O, diqqətə çatdırıb ki, film şəhidlərin Vətən uğrunda mübarizəsini əks etdirir, həmçinin Azərbaycan oğullarının Vətəni necə sevdiyini göstərir.

Sonra "Vətən daşı” sənədli filmi təqdim edilib.

Tədbirdə şəhid ailə üzvləri şəhidlərimizin Vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyiblər.

Xatırladaq ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2013)