KİTAB BƏLƏDÇİSİndə “Şəkər portağalı” Featured

Rate this item
(11 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

“Öldürmək, Bak Consun revolverini götürüb part deyə atəş açmaq deyil. Elə yox. Ürəkdə öldürmək. Sevməyi dayandırırsan və bir gün o insan ölür."

 

Mütaliə bir çox yerdə bizim əlimizdən tutur. İnsanlarla daha rahat ünsiyyət qurmaq, daha aydın və effektli nitq söyləmək, lügət ehtiyatını zənginləşdirmək, asudə vaxtını ən faydalı şəkildə dəyərləndirmək, hər gün yeni biliklər öyrənmək və dünyagörüşümüzü genişləndirmək üçün, deyə bilərəm ki, ən gözəl yol mütaliədən keçir. 

 

"-Bu balaca başında nə güclü xəyal gücün var!

Bunu deyirdi, ancaq birdən- birə kövrəlməyini də gizlədə bilmirdi.

-Sən məni də öldürəcəyini demişdin?

-Əvvəlcə dedim. Sonra səni başqa bir formada öldürdüm. Səni qəlbimdə dünyaya gətirərək öldürdüm. Sən sevdiyim yeganə insansan, Portuqa! Mənim yeganə dostumsan. Mənə şəkillər, limonad, şirniyyat, ya da şüşə top aldığına görə yox... And olsun ki, düzünü deyirəm." 

 

"Kitab bilik mənbəyidir"-, deyirlər, amma, kitab sadəcə bilik mənbəyi olmaqla məhdud deyil, o eyni zamanda bir terapiya (müalicə) üsuludur.

Daha aydın desək kitab, "Biblioterapiya" (Yunancadan tərcümədə "kitabla müalicə" deməkdir) adlanan və kitab oxunmaqla həyata keçirilən bir müalicə üsulunun əsasıdır.

Qədim mənbələrə görə təxminən 1200-1300-cü illərdə Qahirə şəhərində bir çox yerli xəstəxanalarda Qurani-Kərim kitabı tibbi müalicə vasitəsi rolunu oynayırdı. Yəni hələ uzun illər öncə, ta qədim zamanlarda belə kitablar insanlar üçün bir müalicə vasitəsi olub.

Bibliyoterapiyanın ən önəmli faydalarından biri də kitabı oxuyan şəxsin özünü tam olaraq qəbul etməyə başlamasıdır. Həmin insanda vaxt ötdükcə özünə qarşı inam hissləri daha da artır. 

 

"İndi əsl ağrının nə olduğunu başa düşürdüm. Ağrı, özündən gedənə qədər döyülmək deyil. Ağrı, ayağını şüşə qırığı ilə kəsmək, əczaxanada yaranı tikdirmək də deyil. Ağrı, insanların öz sirlərini açmaq  fürsəti əldə etmədən ölmələri və bu iztirabın qəlbi doldurmasıdır. Ağrı, qollarından, başından, gücünü əlindən alır, hətda başını yastıqda döndərəmək həvəsini də yox edir." 

 

Kitablar həm də bir qaçışdır deyərdim, qaçmaq və səni heç kəsin tapa bilməyəcəyi özünəməxsus gizli bir dünyaya sığınmaq.. Çünki, insan kitab oxuyarkən qısa bir müddət belə olsa, uzun-uzadı onu düşündürüb üzən şeyləri unudur.

Kitab oxumaq insanın əsəblərini sakitləşdirir və bir kitabı oxuyub bitirdikdən sonra insan özünü çox daha yaxşı hiss edir. Bəzən günlərlə oxuduğu bir kitabın təsirinə düşür, bəzən bəzi obrazlara əsəbləşib, bəzilərini doğması kimi çox sevir. 

 

"- Bilirsən, Qodoya, mən daha yaşamaq istəmirəm. Əgər sağalsam, yenə pis uşaq olacam. Sən başa düşməzsən. Ancaq daha özümü ağıllı aparmağım üçün heç kəsim qalmayıb." 

 

Oxuyub təsirləndiyim kitablar çox olsa da, bu gün sizə onların içində xüsusi yeri olan Joze Mauru di Vaskonselosun avtobioqrafik əsəri olan və "Şəkər portağalı" kimi də tanınan "Şirin portağal ağacım" kitabını  tövsiyyə etmək istəyirəm. 

Uşaq ədəbiyyatına aid edilsə də, dram janırında olan bu əsər uşaqdan böyüyə oxuyan hər kəsin çox sevəcəyi bir əsərdir.

Bu kitab ilk öncə alıntıları və haqqındakı rəyləri ilə diqqətimi çəkmişdi. Rəylərdən birində kitab haqqında: "İlk dəfə bir kitabı oxuyanda kitabın içinə girib obrazı qucaqlamaq istədim"-, yazılmışdı. Və marağımı cəlb etdiyi üçün kitabı alıb oxumağa başladım. Kitabın ilk səhifələrində gülmüş, son səhifələrində isə ağlamışdım.

"Bir gün əsl ağrını kəşf edən balaca bir uşağın hekayəsi" sloqanıyla məşhur olan bu kitabı Vaskonselos 12 günə yazıb bitirmiş və kitab haqqında: "İyirmi ildən çox idi ki, ürəyimdə daşıyırdım" -, söyləmişdi.

Bu kitabın baş qəhrəmanı çoxuşaqlı və kasıb bir ailənin 5 yaşlı dəcəl uşağı olan Zezedir. Zezenin iç dünyasında fəlakətlər üst-üstə gəlir. Hələ bir kədəri tam olaraq həzm edib atlada bilməmiş Zeze  başqa bir müsibətlə dərindən sarsılır və onun dünyası başına yıxılır. Bir anın içində onun üçün hər şey tamamilə məhv olur.

Və o, bütün bu ağrı-acılarını o kiçik uşaq qəlbində təkbaşına yaşayır. Qəlbindəki iztirabları nə kiməsə anlada bilir, nə də kimsə anlaya bilir onu. Bir gün o, bütün dəcəl ruhuyla gerçək ağrıyla tanış olur və bu tanışlıqdan sonra artıq heç nə əvvəlki kimi ola bilməz və  buna Zezenin özü də daxildir. 

 

"Bəziləri üçün ölmək necə də asan idi. Lənətə gəlmiş bir qatar gəlir və hazırdır. Amma mənim üçün göylərə uçmaq necə də çətin idi. Getməməyim üçün hamı ayaqlarımdan tutmuşdu." 

 

Əsəbi və ya məyus olduğunuz anlarda əlinizə bir kitab alın, əvvəl qoxusunu çəkin ciyərlərinizə, karbon qazıyla birlikdə içinizdəki mənfi enerjini də qovub çölə atın və sonra oxumağa başlayın. Vərəqlər bir-birinin arxasınca qaçmağa tələsdikcə və siz sətirlərin içində daha dərinlərə qərq olduqca hirsiniz üzərinə günəş şüası düşmüş buz parçası kimi əriyib yox olacaq və siz özünüzdən xəbərsiz rahatladığınıza şahid olacaqsız.

Kitablarda yazılmaz bəlkə bu, amma, hər nə qədər özündə ağrılı həyat hekayələrini daşısalar da kitablar sağaldır.

Və sonda isə sizinlə “Şirin portağal ağacım” kitabının son səhifəsini bölüşmək istəyirəm. Xoş mütaliələr..

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)