Beynəlxalq Muğam Mərkəzində yapon musiqisi gecəsi

Rate this item
(0 votes)

 

Xəbər vermişdik ki, Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın məşhur piano ifaçısı və bəstəkarı Nakamura Tempeyin konserti keçiriləcək. Dünən konsert baş tutub. .

 

Bu konsert Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbir iki ölkə arasında diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunub.

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada bu ili həm də Yaponiya-Azərbaycan arasında dostluq ili kimi xarakterizə edib. O, il ərzində bir sıra tədbirlərin keçiriləcəyini bildirib: “Bu həftə sonu Dənizkənarı Milli Parkda “Çərpələng festivalı”, digər aylarda “Budo - Yapon döyüş sənətləri festivalı” kimi tədbirlər keçiriləcək”.

Bildirib ki, Nakamura Tempei Avropa turu çərçivəsində Qafqaz bölgəsinə ilk dəfə olaraq gəlib. Nakamura Tempein qeyri-adi bir xüsusiyyətə malik olduğunu deyən səfir bildirib ki, ifaçı Yaponiyanın UNESCO-ya daxil olan bütün irs məkanlarını gəzərək dəfələrlə xeyriyyə konserti verib.

Bildirib ki, yaxın gələcəkdə səfirlik yapon musiqisini muğamla sintez etmək üçün ölkəsinin tanınmış ifaçılarını Azərbaycana dəvət edəcək. 

Sonra konsert proqramı təqdim olunub. 

Nakamura Tempei konsertdə Yaponiya və dünyanın aktual məsələlərini əks etdirən unikal musiqi parçaları ilə çıxış edib.

İfaçı “Şansı qaçırma”, “Əjdahanın göz yaşları”, “Montmartredə sevgi hekayəsi”, “Sevginin ölümü”, “Şanlı şeypur” və pandemiyaya həsr etdiyi “Pandemiyanın əlaməti”, “Qəmgin karantin günləri”, “Təcrid” kompozisiyalarını təqdim edib.

Nakamura Tempein çıxışı alqışlarla qarşılanıb.