Qazaxda 6-7-ci əsrlərə aid Didivan qülləsinə müdaxilə - BAKU TV İŞƏ QARIŞDI Featured

Rate this item
(1 Vote)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Qədim tariximizin sübutu olan hər bir abidə göz bəbəyi kimi qorunmalı, gələcək nəsillərə çatdırılmalıdır. Bu işə tək dövlət orqanları deyil, hər bir şəxs səfərbər olunmalıdır. Çox təəssüf ki, əksər halda bizlər bunun əksinə gedirik, şəxsi mənafeni ümumxalq mənafesindən üstün tuturuq.

 

Qazaxda tarixi abidənin üzərində restoran tikilməsi xəbəri yerli sakinlər tərəfindən mediaya sızdırılanda, doğrusu, abidənin tarixi əhəmiyyəti müqabilində ona olan bu barbar münasibət hər bir kəsi sarsıtdı. 

Rayonun Xanlıqlar kəndindəki 6-7-ci əsrlərə aid ölkə əhəmiyyətli Didivan qülləsinin ərazisindəki tikinti işindən söhbət gedir.

Məlum oldu ki, tikili yaxınlıqda fəaliyyət göstərən başqa bir restoranın sahibinə məxsusdur. Sahibkar - Kənan Qasımov adlı şəxs əllərində maddi sübutların olduğunu, tarixi abidəni 2002-ci ildə özəlləşdirdiklərini bildirdi. Və qədimi daşların üstündən - qiymətli xəzinə üzərindən müasir mişar daşlarını üst-üstə yığaraq restoran ucaltmağına haqq qazandırdı. Xalqın maddi-mənəvi sərvətini, qürur yerini kabab tüstüsünə və araq qoxusuna dəyişmək istəyinə bəraət qazandırdı. Hətta burda restoranı, guya bura gələn tutistlərə qala barədə məlumat verməkçün tikdiklərini, abidəyə, xalqa fayda vermək istədiklərini də söylədi. 

Və bu yerdə deyən gərəkdir, abidəyə ürəyin yanırsa o restorana xərclədiyinin yüzdə birini ayırıb bir ştat yarat, bir nəfər cüzi məvacib alıb gəlib-gedənlərə bələdçilik etsin də. 

Süjeti çəkib yayımlayan Baku TV məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də müraciət etdi, qurumun mətbuat katibi Fariz Hüseynli bildirdi ki, sözügedən abidənin xüsusi mülkiyyətə verilməsi ilə bağlı müraciətə razılıq verilməyib, ərazidə qanunsuz aparılan işlərin dərhal dayandırılması tələb olunur.

Məsələ ictimailəşdi. Yəqin ki, yoluna qoyulacaq. 

Qaldı vicdan məsələsi. 

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2024)