Qəyyur Yunusun “Sağ əlin sərvəti” adlı yubiley sərgisi açıldı Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Həftəsonu Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəngkarı, Xalq rəssamı Qǝyyur Yunusun “Sağ əlin sərvəti” adlı yubiley sərgisinin açılışı oldu.

 

Qeyd edim ki, aprelin 30-dək davam edəcək sərgidə rəssamın son 5 ildə yaratdığı 72 rəngkarlıq və qrafik əsərləri nümayiş etdirilir. Bu əsərlərdə Azərbaycanın və İslam dünyasının zəngin mədəniyyətini əks etdirən simvolik elementlər göz oxşayır, bu da Qəyyur Yunusun özünəməxsus üslubunu vurğulayır.

Sərgi  Qəyyur Yunusun 75 illik yubileyinə həsr olunub və ekspozisiyada çox dəyərli rəsmlər yer alıb. Onların həm mənəvi, həm də özünə uyğun maliyyə dəyəri vardır. Həmçinin sərgidə satışa çıxarılmayan əsərlər də var. 

Bu həftə sərginin müzakirəsi də planlaşdırılır. Müzakirədə hər bir əsərin ayrı ayrılıqda izahı veriləcək, həmçinin rəsmlərin necə ərsəyə gəlməsindən bəhs olunacaq.

Sərginin kuratoru Rəsul Həsənovdur. 

Qeyd edək ki, Qayyur Yunus 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. O, 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Kollecini, 1977-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar "Humay" mükafatına layiq görülüb. Hazırda rəssamın əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Xüsusən vurğulayım ki, Əmircan kəndi dahi rəssam Səttar Bəhlulzadənin də doğulduğu kənddir və Qayyur Yunus məhz Səttar Bəhlulzadədən ilhamlanıb, özünü onun davamçısı hesab edir.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)