“Tomris”i hərə bir cür, amma hamı ürəklə yaradıb Featured

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Heydər Əliyev Mərkəzi bir neçə gündür ki, Türk dünyası rəssamlarının “Tomris” adlı beynəlxalq sərgisinın ovqatına köklənib. 

Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə gerçəkləşən, ideya müəllifi Xalq rəssamımız Sakit Məmmədov olan sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 20-yə yaxın rəssamın əsərləri nümayiş olunur.

 

Tomris kimdir? Türk dünyasının qadın sərkərdəsi, hökmdarı, türkün yenilməzliyi simvolu. Onu azərbaycanlı bir cür, qazax bir cür, qırğız bir başqa cür çəkib. Amma bütün tablolar ürəklə və sevgiylə çəkilib. 

Rəssamların hamısı öz ölkəsində kifayət qədər məşhurdur. Sakit Məmmədov, Arif Əziz, Xanlar Əhmədov (Azərbaycan), Sembiqali Smaqulov, Aqimsal
Düzelxanov, Ədilğali Bayandı, Əlibi Bayğojanov, Tolkın Tabısbek, Möldir
Bayğojanova, Bakıtbek Zerde, Aytkul
Tasmaqambetova, Botagöz Toleş,
Rahat Saparaliyeva (Qazaxıstan), Talant
Oqobayev, Jılkıcı Jakıpov, Rahat İtikeyev,
Yuristanbek Şıqayev, Eldar Aytmatov, Suyutbek Torobekov (Qırğızıstan),
Sardor Alaberqenov (Qırğızıstan) və Refik Aziz (Türkiyə) - türk dünyasının ən məşhur rəssamları. Tablolarda həm Tomris vəsf olunub, həm türk tarixi barədə mənzərələr  yer alıb. 

Mənim xüsusi marağımı şəkən dahi qırğız yazıçısı, dünyaşöhrətli Çingiz Aytmatovun oğlu Eldar Aytmatov oldu. Deməkmiş, Çingiz Aytmatovun oğlu tanınmış rəssam imiş. 

Sərginin açılışı günü Eldar bəy jurnalistlərə açıqlamasında belə dedi: 

-Burada sərgilənən əl işlərindən biri olan “Ölüm kötüyü” öz adını Çingiz Aytmatovun əsərindən götürüb. Mən orada həyat və ölümü təsvir etmişəm və bununla, bu iki hadisənin həyatımızın tərkib hissəsi olduğunu ifadə etməyə çalışmışam. Mən 

əsərlərimin Bakıda, bu gözəl Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsindən xeyli məmnunam. Bu, mənim üçün böyük şərəf və qürurdur.

Tomris həm Qərb, həm də Şərq incəsənətinin ikonik fiqurlarından hesab olunur. Onun obrazına Herodot vasitəsilə İntibah dövrünün böyük sənətkarları müraciət ediblər. Tomrisin obrazına müraciət XX əsrdə türk rəssamları, yazıçıları və digər incəsənət xadimləri tərəfindən olsa da, XXI əsrdə o yeni ruh, yeni rəng əldə edib. Bakı sərgisi Tomris obrazına müxtəlif yanaşmaları, fərqli bədii üslubları özündə əks etdirir. Tomris həm hökmdar, həm sərkərdə, həm də incə xanım, ana obrazlarını özündə birləşdirir. Türk tarixində və mədəniyyətində onun özünəməxsus yeri var.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)