MM Mədəniyyət Komitəsinin sədri Xalq rəssamını təbrik edib Featured

Rate this item
(2 votes)

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Rəssamlar Evində olub, rəssamların emalatxanalarını gəzərək, onların yaradıcılıq ortamı ilə yaxından tanış olub. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisin Mədəniyyət Komitəsindən məlumat verilib. 

 

Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü, professor Arif Hüseynov 

Komitənin sədri Fazil Mustafanı rəssamların emalatxanaları ilə tanış edərək, ətraflı bilgi verib. 

Fazil Mustafa Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadənin, Əməkdar rəssamlar Elşən Hacızadə, Adil Şıxəliyev, Natiq Fərəcullazadə, Azad Zeynalovun və Azərbaycan Rəssamlar İttifqqının üzvü, heykəltəraş Nəriman Məmmədovun emalatxanalarını gəzib fəaliyyətləri, qayğıları və yaradıcılıq uğurları ilə yaxından maraqlanıb. 

Daha sonra, gələn ay 80 yaşı tamam olacaq Xalq rəssamı Sirus Mirzəzadənin Atelyesinin açılışı olub. 

Fazil Mustafa Xalq rəssamına Milli Məclisin Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim edib, ürək sözlərini bölüşüb. 

Təbrik məktubunda deyilir:

 

“Hörmətli Sirus müəllim,

Sizi - çağdaş təsviri sənətimizin görkəmli nümayəndəsini, Xalq rəssamımızı qarşıdan gələn 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik! 

Siz Azərbaycan Rəssamlar İttifaqının və "HüsnArt" Təsviri Sənət Mərkəzinin tanınmış üzvüsünüz; 55 ilə yaxındır peşəkar yaradıcı fəaliyyət göstərir, sənətin estetik dəyərlərinə sadiq qalaraq, yeni əsərlər yaradırsınız. Sizin özgü əsərləriniz, ictimai fəal mövqeyiniz respublikamızın mədəni həyatını daha da canlandırmağa xidmət edir. Siz Mədəniyyət Komitəsi ilə də yaxından əməkdaşlıq edirsiniz. Ustad sənətkar olaraq, mədəni irsimizin təbliğ-tərənnümü ilə bağlı, eləcə də, dünya təsviri sənətində axın edən çağırışlarla bağlı qabaqcıl ideyalarınız bizə bəllidir. 

Siz zəngin yaradıcılıq yolu keçmiş, uzunmüddətli, səmərəli yaradıcı fəaliyyətinizlə seçilmisiniz. Məmnunluqla bildiririk ki, Siz 80 illik yubileyinizə yaradaraq və yaşadaraq yetişən sənətkarsız. İstər Sovet dönəmində, istərsə müstəqillik illərində yaratmış olduğunuz əsərləriniz ilə - özəlliklə, monumental işlərinizlə öz üfüqügenişliyinizi, fitri istedadınızı, peşəkarlığınızı sübut etmisiniz. 

Yubileyiniz ərəfəsində incəsənət studiyası açmağınız sevindirici hadisədir. Ümidvarıq, bu studiya istedadlı gənclər üçün də bir ocağa dönüşəcəkdir.

Sizi yubileyiniz və sənət uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk”!

 

Rəssamın atelyesinin açılışında Xalq rəssamı Fuad Salayev, Xalq yazıçısı Natiq Rəsulzadə, Bakı Qalereyasının direktoru Eldəniz Babayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvləri - Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Ülviyyə Ağayeva, Komitənin eksperti Əkbər Qoşalı, sənətşünas alim, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, gənc sənətşünas Ziyarət Cabarova və b. qonaqlar iştirak edib. 

Atelyedə Azərbaycan təsviri sənətinin problemlərinə aid geniş müzakirələr aparılıb. 

Azərbaycan təsviri sənətinin gələcəyi ilə bağlı dəyərli fikirlər mübadiləsini təqdir edən Fazil Mustafa, Mədəniyyət Komitəsinin qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu deyib. 

Azərbaycan təsviri sənətinə aid belə görüşlərin gələcəkdə də davam etdirilməsi məqsədəuyğun sayılıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2023)