Şuşa necə qurulur? - AKTUAL Featured

Rate this item
(1 Vote)

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Şuşa - Azərbaycanın üzük qaşı. Bu möcüzə şəhər get-gedə öz mədəniyyət beşiyi statusunu qaytarmaqdadır. İstiqlala qovuşduqdan sonra Şuşa öncə Azərbaycanın, hazırda Türk dünyasının, gələn ildən islam dünyasının mədəniyyət paytaxtı elan olunub. Bəs şəhərin Baş planı hazırda necə hazırlanır, məskunlaşma necə həyata keçirilir, ümumən Şuşada nə qədər abidə var? 

Suallarımızı Azərbaycanın tanınmış memarı Cahid Həsənova ünvanladıq və ondan aşağıdakı bilgiləri aldıq: 

 

-Şuşa Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, “Qafqazın konservatoriyası” olmuşdur. Şəhərin ərazisi tarixi abidələrlə zəngindir. Rəsmi məlumata görə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən 72 tarixi abidə, həmçinin bir sıra dövlət xadimlərinin və tanınmış şəxsiyyətlərin mülkləri, ev-müzeyləri vardır. Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən zövqlə işlənmişdir.

Ermənistanın Azərbaycana qarşı apardığı 30 illik işağalçılıq siyasəti nəticəsində buradakı tarixi-mədəniyyət abidələri yerləyeksan edilmişdir. Şuşanın işğal altında olduğu illər ərzində şəhərdə memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey dağıdılmış, məbəd və məscidlər təhqirə məruz qalmış, 20 kitabxana yandırılmışdır. Yerli memarlıq abidəsi hesab edilən binalar tamamilə məhv edilmiş, hətta görkəmli şəxsiyyətlərin büst və heykəlləri gülləbaran edilmişdir.

Şuşa işğaldan azad olunduqdan sonra möhtərəm Prezident İlham Əliyev şəhərin tezliklə bərpasını prioritet hesab etdi və sürətli bərpa işlərinə başlanıldı. 

Şəhərin Baş və müfəssəl planının hazırlanması Bakı Dövlət Layihə İnstitutunun layihəsi əsasında aparılır. Planlaşdırılan ərazinin ümumi sahəsi 389,58 ha təşkil edir. Bu yaxınlarda Bakı Dövlət Layihə İnstitutunun Planlaşdırma şöbəsinin müdiri Aytən Abdullayevanın bir açıqlamasına görə, şəhərin Baş və müfəssəl planının hazırlanmasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti də iştirak edir. Layihədə tarix və mədəniyyət abidələrinin mühafizəsi, müxtəlif məkan həllərinin köməyi ilə şəhərlə inteqrasiyası diqqətdə saxlanılıb, bu da çox vacibdir. 

Bu ərazidə əhalinin sayına görə 15 məktəbəqədər təhsil müəssisəsinin, 6 uşaq bağçasının layihələndirilməsi planlaşdırılır. Həmçinin layihədə səhiyyə müəssisələri, muzey, ticarət və əyləncə mərkəzi, rabitə evi, poçt binası, radio və televiziya yayım stansiyasının, digər sosial və iaşə obyektlərinin inşası nəzərdə tutulur.

2026-cı ilə qədər Şuşaya 2000-ə yaxın sakinin köçürülməsi planlaşdırılır.

O ki qaldı, Şuşa rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş abidələrin sayına, tarixi və mədəniyyət abidələrinin sayı 210-dur. Bunlardan biri, yəni Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu dünya əhəmiyyətlidir. Abidələrdən 49-u ölkə, 160-ı isə yerli əhəmiyyətlidir.

Və ən nəhayət, onu da deyim ki, monitorinq nəticəsində Şuşa rayonunda 10 yeni tarix və mədəniyyət abidəsi aşkar edilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)