Tbilisidə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş rəsm əsərləri sərgisi açılıb

Rate this item
(0 votes)

Noyabrın 23-də Tbilisidə, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

 

AzərTAC xəbər verir ki, sərgidə Marneulidən olan rəssam Xəyalə Mustafayevanın Ulu Öndərə, Azərbaycana, Şuşa, Xarıbülbül və Xocalı soyqırımına həsr etdiyi və digər əsərləri nümayiş etdirilib.

 

Tədbirin təşkilatçılarından olan Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov çıxış edərək bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın Ulu Öndər Heydər Əliyevə böyük və xüsusi sevgisi var. X.Mustafayevanın çəkdiyi rəsmlər həm Ulu Öndərə, həm də doğma Azərbaycana olan sevginin bariz nümunəsidir.

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında ölkələrimiz arasındakı dostluq münasibətlərindən, soydaşlarımızın, eləcə də gürcü xalqının Ulu Öndərə olan sevgisindən bəhs edib. Bildirib ki, sərgidə nümayiş etdirilən rəsm əsərlərinin - M.K. Atatürkün, Azərbaycan-Gürcüstan dostluğunun, Xocalı soyqırımının, Qarabağımızın, Xarıbülbülün, Şuşanın əsrarəngiz təbiətinin, Ulu Öndərin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrin, Ümummilli Liderin və onun siyasətini ləyaqətlə və uğurla davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin portretlərinin xüsusi ardıcıllıqla nümayiş etdirilməsi olduqca təqdirəlayiqdir.

 

Diplomat səfirliyin soydaşlarımıza hər zaman dəstək olduğunu və bundan əvvəl də rəssam X.Mustafayevanın sərgilərinə dəstək olduğunu qeyd edib.

 

Gürcüstanda səfərdə olan ADA Universitetinin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva çıxışında X.Mustafayevanın yaradıcılığına münasibət bildirib, gənc rəssamın çəkdiyi əsərləri yüksək qiymətləndirib.

 

Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov Ulu Öndərin soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə məlumat verib. Rəssamın bu sərgisinin soydaşlarımızın Ümummilli Liderə olan sevgisinin bariz nümunəsi olduğunu vurğulayıb.

 

Rəssam X.Mustafayeva sərginin təşkilinə göstərilən dəstəyə görə, təşkilatçılara minnətdarlıq edib. Bildirib ki, bu əsərləri çəkməklə Ulu Öndərə və onun layiqli davamçısı Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına olan sevgisini göstərmək istəyib.

 

Sərgidə paytaxt Tbilisi ilə yanaşı Rustavi şəhərindən, Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarından ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Sərgidə rəssamın 30-dan əsəri nümayiş etdirilib.

 

Qeyd edək ki, sərgi qafqazturk.com portalının informasiya dəstəyi ilə reallaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)