Cəmilə Hacıyevanın “Septem” adlı fərdi sərgisi açılıb

Rate this item
(0 votes)

Rənglər xarakteri aça bilərmi? Qədim kəndlərin təkrarolunmaz cazibədarlığı, təbiət və insanın cəzbedici gözəlliyi, peyzajlar, natürmortlar, habelə hamının sevdiyi rənglər; bütün bunları bu yaxınlarda Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Muzey Mərkəzinin İncəsənət qalereyasında açılan rəssam Cəmilə Hacıyevanın “Septem” adlı fərdi sərgisində görmək olar.

 

Qeyd edək ki, gənc rəssamın yaradıcılıq tərcümeyi-halında ilk dəfə keçirilən bu sərgi multisensor formatda təqdim olunub və incəsənət həvəskarları, mədəniyyət xadimləri, təbiətsevərlərin diqqətini cəlb edib. Sərginin ekspozisiyası 40 rəsm əsərindən ibarətdir və onların arasında Şuşa və Cıdır düzünə həsr olunmuş “İndi biz azadıq” tablosu xüsusilə seçilir.

 

“Septem” rəssamın dünyaya klassik realizmə və impressionizmə əsaslanan baxışıdır. Cəmilə mənəvi və daxili rahatlığı ehtiva edən, estetika çərçivəsini aşan sakit kənd peyzajları yaradır. Onun təmiz və toxunulmamış təbiət cənnəti konsepsiyasından ilhamlanaraq yaratdığı tablolar tamaşaçıları şəhər xaosundan uzaq, harmoniya və təbiətin gözəlliyi ilə vəhdət təşkil edən səyahətə dəvət edir.

 

Müəllif deyir: “Mən insanı gündəlik həyat qayğılarından azad edən, onu urbanizmin təsirindən ayıran, dünyaya başqa gözlə baxmağa vadar edən və ruhunu təzələyən bir şey yaratmaq istədim.

 

Beləcə, latıncadan tərcümədə yeddi gün mənasını verən “septem” adlı əsərlər silsiləsi ərsəyə gəldi. Bu, mənim uğurlu rəqəmimdir və “sentyabr” kimi də qəbul olunur. Mən sərgini məhz bu ayda təşkil etməyi planlaşdırdım. Bu silsilənin yaranmasının əsas fəlsəfi ideyası insanları hüzurlu bir aləmə qərq etməkdir. Onlar burada səmimilik görəcək, özlərini evdəki kimi hiss edəcəklər. Hər bir əsərimdə hüzur və sükunətlə süslənmiş bir kənd idilliyası var”.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)