Qubanın ağ alması, Qazağın kəlağayısı…

Rate this item
(1 Vote)

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Sazlı Sözlü Kəlağayı Günləri" səfərə çıxıb, biz də hər dəfə onu müşayiət etməkdəyik. Bu dəfə gəlib Şimala - Qubaya yetişdik. 

 

Quba Rayon İcra Hakimiyyətinin və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu dəfə “Sazlı Sözlü Kəlağayı Günləri" Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında baş tutdu. 

Tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Muzeyi”nin direktoru və “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsinin rəhbəri şair, publisist Güllü Eldar Tomarlı açıq elan etdi, bu işə dəstək olan təşkilat və məsul şəxslərə təşəkkür bildirdi, qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılmasıdır. 

Birlik sədri vurğuladı ki, milli dəyərlərin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur və 2024- ilin noyabrın 26-da Azərbaycan kəlağayısının  beynəlxalq miqyasda tanıdllmasının 10 ili tamam olur. UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü ilin noyabrın 26-da keçirilən iclasında Azərbaycanın kəlağayı sənəti ''Kəlağayı sənəti və simvolizmi, ipək baş ötüklərinin hazırlanması və istifadə olunması'' başlığı altında UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan xalqı üçün böyük uğurdur. Təbii ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevanın xidmətləri danılmazdır.

Tədbirdə Quba RİH-nin İctimai və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əhməd Nurullayev tədbir iştirakçılarına Quba RİH Başçısı İlqar Mahmudovun salamlarını çatdırdı, tədbirin əhəmiyyəti haqqında danışdı. Daha sonra çıxış edən Filialın direktor müavini p.ü.f.d. Aysel Şeydayeva da qonaqları salamlayaraq filialda dosent Yusif Alıyevin rəhbərliyi altında milli-mənəvi dəyərlərimizin təbliği və qorunması istiqamətində görülən işlərdən söz açdı. 

Daha sonra çıxış edənlər Şəhid anası Tünzalə Abduləlimova, Sabahinfo.az saytının redaktor müavini Elnarə Həziyeva, Quba Rayon İcra Hakimiyyəti başçısı  yanında "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya"nın məsul katibi Mariya Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Xalidə İlyasqızı, qubalı şairə Könül Tatlı, Filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova, Filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı v.m.i.e. Nübar Bayramova da Azərbaycan kəlağayısının gözəlliyi, mənəvi dəyəri, tədbirin əhəmiyyəti barədə geniş məlumat verdilər, gənclər arasında milli dəyərlərimizin təbliğinin əhəmiyyətini xüsusi vurğuladılar.

Tədbir ədəbi-bədii hissə ilə davam etdi, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirildi. 

“Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədr müavini aşıq Gözəl Kəlbəcərlinin ifasında musiqilərin səsləndirilməsi tədbirə xüsusi rəng qatdı. Tədbirdə həmçinin filialın "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" və "İbtidai sinif müəllimliyi" ixtisasının tələbələrinin ifasında şeirlər səsləndirildi. 

Sonda Güllü Eldar Tomarlı həm də tədbir iştirakçılarına və Filialın Kitabxana və elektron resurslar şöbəsinə 2024-cü il Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilməsinin onilliyi  münasibətilə nəşr edilən “Anam – kəlağaydı, kəlağay – anam” adlı kitabları hədiyyə etdi. 

Sonda xatirə şəkili çəkildi.

Silsilə tədbirlər davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2024)