Qara kürü buterbrodu çox dadlıydı Featured

Rate this item
(0 votes)

Mişlen ulduzlu baş aşpazla birgə təqdimat keçirməyi kim istəməz?

 

 

İngiltərədən dəvət olunmuş dünya miqyaslı məşhur, fərqlındirici Mişlen ulduzlu baş aşpaz Jeff Tan Bakıdadır. Ləziz təam həvəskarları, qurmanlar və aşpazlar üçün bundan gərəkli xəbərmi olar? 

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, agentlik tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının gənc üzvləri  Jeff Tan ilə birgə təqdimatda iştirak ediblər.

CASA Kulinariya Mərkəzində keçirilən mərasimdə Jeff Tan Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının qalibi Emil Zeynalzadə, “WSSE 2022” müsabiqəsinin medalçısı, Qlobal Aşpazlar Müsabiqəsinin Avropa Qran-Prisində bürünc medal qazanmış Leyla Vəliyeva və baş aşpaz Kənan Balaşovla birgə xüsusi menyu hazırlayıb.

CASA-nın aşpaz məzunları məşhur Jeff Tan ilə birlikdə qonaqlara 12 fərqli təam təqdim ediblər.

Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova çıxış edərək Dövlət Turizm Agentliyinin qastronomiya sahəsindəki fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, gənc aşpazlarla aparılan işin bu strategiyanın əsasını təşkil etdiyini bildirib. 

O, Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının fəaliyyətinin aktivləşdirilməsi üçün təlim-tədris, tədqiqat, marketinq-kommunikasiya, institusional inkişaf, təcrübə mübadiləsinin vacibliyindən söz açıb. Yaxın gələcəkdə gənc aşpazlarla birlikdə Azərbaycanın biomüxtəliflik potensialını nümayiş etdirməyə imkan verən menyuların tərtibatı üzərində işlərin başlanılacağını da bildirib.

S.Əsgərova Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi - “Worldchefs”lə əməkdaşlığın yalnız qastronomiya sənayesinin canlanmasına deyil, həmçinin Azərbaycanın qastronomiya destinasiyası kimi təbliğatına zəmin yaratdığını vurğulayıb.

Qeyd edək ki, Mişlen ulduzlu şef Jeff Tan 30 ildən çox kulinariya təcrübəsinə malikdir və özündə Qərb elementlərini daşıyan Asiya ölkələrinin mətbəxləri üzrə ixtisaslaşıb.

 

Qapaq şəklində Jeff Tan SACA-nın aşpaz məzunu ilə qara kürü buterbrodu hazırlayır; iç şəkildə prosesi izləyənlər məmnunluq duyurlar, az sonra buterbrodu da dadacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)