“Sahə” bədii filmi nümayiş olunub

Rate this item
(0 votes)

“Azərbaycan” kinoteatrında milli kinomuzun 125, “Azərbaycanfilm” Kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə rejissor İlqar Safatın “Sahə” bədii filmi nümayiş olunub.

 

Öncə tədbirin aparıcısı Sevda Sultanova çıxış edərək ekran əsəri haqqında danışıb. 

O qeyd edib ki, “Sahə” filmi 2008-ci ildə çəkilsə də, digər filmlər kimi YouTube platformasında yerləşdirilməyib. “Sahə” müştərək layihədir, Azərbaycan və Gürcüstan kinoşirkətlərinin birgə əməkdaşlığı çərçivəsində istehsal olunub. Azərbaycandan “Narimanfilm”, Gürcüstandan “Georgiafilm” və “Bagirafilm” kino şirkətləri istehsalat prosesində iştirak ediblər. Eyni zamanda, filmə Mədəniyyət Nazirliyi də maliyyə dəstəyi ayırıb. 

Ekran əsərində Azərbaycan aktyorları ilə yanaşı, gürcü aktyorları da iştirak edib.

“Sahə” filminin ideyasının necə yaranmasından danışan İlqar Safat bildirib ki, bu, onun tammetrajlı bədii debütüdür: “Buna kimi mən sənədli filmlər çəkmişəm. Filmin ideyasının yaranması psixologiyaya, haradasa psixodeliyaya, şamanizmə olan marağımla bağlıdır. “Sahə”nin ideyası yuxuda yarandı. Bu hadisəni, onun fabulasını yuxuda gördüm və yazdım. Amma nə vaxtsa onu çəkəcəyim ağlıma gəlməzdi. “Sahə” arxetipik, bibliyasayağı bir hekayədir və burada şüur axını fəndindən istifadə olunub”.

Rejissor daha sonra qeyd edib ki, onun üçün filmdə əsas məsələ atmosfer yaratmaqdır və “Sahə” filminin estetik təsvir həllinə xüsusən, 1960-cı illərin nuar kinosu təsir göstərib.

Ekran əsərində birinci polis rolunu oynayan, Xalq artisti Məmməd Səfa filmin çəkilişləri ilə bağlı maraqlı xatirələrini bölüşüb: “Çəkilişdən 15 il keçməsinə baxmayaraq, müəyyən həyəcan hissi keçirirəm. Çünki çəkilsəm də, filmi görməmişəm. Yəqin ki, bu gün mənim üçün önəmli günlərdən birinə çevriləcək. “Sahə” mənim üçün həm də ona görə dəyərlidir ki, burada öz müəllimim Vaqif İbrahimoğluyla birgə çəkilmişəm, hətta tərəf müqabili olmuşam. Bu gün önəmli gündür, 15 il əvvəl baş verənlər yada düşür, istər-istəməz adam kövrəlir”.

Filmdə baş rolun ifaçılardan biri Qəribin uşaqlığını oynayan Timur Oduşev qeyd edib ki, bu filmə çəkiləndə çox gənc olub: “Bu rola seçiləndə 11 yaşında idim, gənc fotoqrafı oynayırdım. Filmə çəkilmək həyatımda böyük addım oldu. Ekran əsəri ilə bağlı xatirələrim çoxdur”.

İlqar Safatla əməkdaşlıqdan zövq aldığını vurğulayan Əməkdar artist Sonaxanım Mikayılova bu cür maraqlı filmdə rol aldığı üçün qürur duyduğunu bildirib.

Sonra topal obrazını canlandıran aktyor Midhət Aydın da maraqlı xatirələrini bölüşüb.

Qeyd edək ki, misteriya janrında çəkilən filmin süjetinə görə, məşhur fotoqraf və nişanlısı yol-nəqliyyat qəzasından sonra polis “Sahə”sinə düşürlər. Bu sahədən sağ-salamat çıxmaq üçün o, burada öz qorxularını qovmalıdır.

Ekran əsərinin operatorları Konstantin Esadze, Varlam Karçxadzedir. Digər rolları Zaza Bejaşvili və Melissa Papel canlandırıblar.

“Sahə” filminin nümayişi Azərbaycan Kinematoqrafçılar İttifaqının layihəsi çərçivəsində gerçəkləşib.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2023)