Qadınların triumfu ilə başa çatan Venesiya kinofestivalının baş mükafatı niyə Odri Divanın “Hadisə” filminə verildi? Featured

Rate this item
(1 Vote)

 

78-ci Venesiya kinofestivalının əsas mükafatı - "Müqəddəs Markın Qızıl şiri"nə - fransız rejissor xanım Odri Divanın "Hadisə" (l ' eenement) filmi layiq görülüb. Bu elan şənbə günü axşam Cənubi Koreyadan olan rejissor Pon Cun Ho başda olmaqla beynəlxalq Münsiflər heyəti tərəfindən Kino sarayında təntənəli mükafatlandırma mərasimində elan edilib, - “Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən xəbər verir.

 

Baş mükafat təqdim ediləndə Odri Divan belə söyləyib:

 

-Mən bu filmi qəzəbli halda, həvəslə, təkcə başımla yox, həm də ürəyimlə, hətta qarnımla, bağırsaqlarımla çəkmişəm.

 

"Hadisə" dramında hadisələr 1963-cü ildə baş verir, süjetin mərkəzində gənc tələbə qız durur. O, hamiləliyi barədə xəbər tutur, bu qara

 

xəbər gənc qızın parlaq gələcəyini təhdid edir: nikahdankənar uşaq? Valideyinlər, tanış-biliş bunu necə qarşılayacaq, aləm bir-birinə dəyəcək. Həmin dövrdə ölkədə abort rəsmən qadağan edilib. Qız vəziyyətdən çıxış yolu tapmağa çalışır...

 

Odri Divan üçün "Hadisə" ikinci tammetrajlı fimdir. Filmdə əsas rolu Anamariya Vartolomey oynayıb.

 

Öz növbəsində, Venesiya kinofestivalının ən yaxşı rejissorluğuna görə "Müqəddəs Markın Gümüş şir" mükafatı ilə digər bir qadını - Ceyn Kempionu "İtin hakimiyyəti" (The dog of the Force) filminə görə mükafatlandırıblar. Film Amerika yazıçısı Tomas Sisicin eyniadlı romanı əsasında çəkilmişdir. Filmin çəkilişləri Netflix ilə əməkdaşlıqda Yeni Zelandiyada - rejissorun vətənində baş tutub. Yeri gəlmişkən, Kempion Kann kinofestivalının "Piano" (The Piano, 1992) filminə görə "Qızıl palma budağı"nı almış ilk qadın rejissor olub. Onun müəllifliyinə, həmçinin, əvvəllər Venesiya kinofestivalının Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüş "Mənim stolumun arxasında Mələk" (An Angel At My Table, 1990) və "Parlaq ulduz" (Bright Star, 2009) filmləri də məxsusdur.

 

Adı ən çox hallanan italyan Paolo Sorrentinonu münsiflər “Allahın əli" (E stata la mano Dio) filminə görə Gran Pri-yə layiq görüblər. Haqqında sizə geniş bəhs etdiyimiz bu film avtobioqrafikdir, dünyaşöhrətli futbolçu Dieqo Maradonanın Napoli şəhərində keçən günlərindən bəhs edir. Bu film tezliklə  Netflix-də nümayiş olunacaq. Filmdə baş rolun ifaçısı Filippo Skotti Marçello Mastroyanni adına Ən yaxşı yenibaşlayan aktyor mükafatını qazanıb. Sorrentino bütün işlərinin içində bu filmi ən şəxsi filmi hesab etdiyini söyləyib.

 

Penelopa Cruz Pedro Almodovarın "Paralel analar" (Madres paralelas) filmində oynadığı rola görə Ən yaxşı aktrisa kimi Volpi Kubokuna layiq görülüb. Yeri gəlmişkən, baş mükafata ən real namizədlərdən biri də bu film sayılırdı.

 

Heç kəsin gözləmədiyi halda şöhrət çələngi qazanan Filippin istehsalı -"İş yerində. İtkin düşənlər 8 " (On The Job: The Missing 8) filminin baş roluna çəkilmiş John Arsilya ən yaxşı aktyor kimi Volpi kubokunu alıb. Korrupsiyaya dair filmin rejissoru Erik Mattidir.

 

Münsiflər heyəti italyan rejissor Mikelancelo Frammartinonun "Dəlik" (Il buco) filmini Münsiflərin Xüsusi Prizinə layiq görüb. Yazıçı Elena Ferrantenin "Tanımadığı qızı" (La figlia oscura) əsərinin motivləri əsasında çəkilmiş "İtkin düşmüş qız"(The Lost Daughter) filminə görə rejissor kimi debüt etmiş aktrisa Maqqi Cillenxol Ən yaxşı ssenari üçün mükafatı qazanıb. Yeri gəlmişkən,  Frammartino  "Vergi" (Il dono, 2003) və "Dörd dəfə" (Le quattro volte, 2010) kimi əvvəlki işlərinə görə də nəqletmənin bədiiliyi ilə sənədliliyinin peşəkar vəhdətinə görə münsiflərdən xüsusi priz almışdı.

 

Bəli, proqnozlar özünü doğrultmayıb, nə ən iddialı ispan Almodovar, nə də ev sahibləri – italyanlar Sorrentino və Frammartino "Müqəddəs Markın Qızıl şiri"ni qazana bilməyiblər, fransalı zərif xanım Odri Divan onları əliboş qoyub. İtaliya mediası bunu iki yerə yozur. Birincidə, iddia olunur ki, centlemenlər xanıma güzəştə gediblər. İkincidə isə hadisələrin bu cür gedişatı italyan qonaqpərvərliyi ilə izah olunub. Amma Cənubi Koreyadan olan rejissor Pon Cun Ho başda olmaqla beynəlxalq Münsiflər heyəti "Hadisə"nin həqiqətən Venesiyaya gətirilən ən güclü film olduğunu iddia edirlər. Həqiqətən də rejissorun ”bu filmi qəzəbli halda, həvəslə, təkcə başıyla yox, həm də ürəyiylə, hətta qarnıyla, bağırsaqlarıyla” – bir sözlə, bütün cismi və ruhuyla çəkdiyi göz qabağındadır.

 

 “Venesiyada həmişə heç bir pərdəarxası məqam olmadan ən güclülər qazanır” – deyir Pon Cun Ho.

 

Yeri gəlmişkən, 60 il öncənin Parisini abort qadağası kimi antihumanist qanununa görə günahlandıran bu film günü bu gün də aktualdır, belə ki, elə bu günlərdə demokratiya ixracatçısı ABŞ-ın Texas ştatında abortu qadağan edən qanun qüvvəyə minmişdir. “Bu filmin qələbəsi çox yəqin mövzunu gündəmdə saxlamaqla texaslı qadınlara köməklik edə biləcək” – bunu isə Amerika feministləri “Hadisə”nin triumfundan sonra dilə gətiriblər.

 

 

 

Şəkildə: Odri Divan "Müqəddəs Markın Qızıl şiri" ilə.