Qusarlı uşaqlara sevinc bəxş etdilər

Rate this item
(0 votes)

Söhbət Gənc Tamaşaçılar Teatrı nın Qusarda azyaşlı tamaşaçıları “Qırmızı papaq"la sevindirməsindən gedir

 

 

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində teatrların regionlara təşkil olunan qastrol səfərləri davam edir.

Bu çərçivədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 20-də Qusar Dövlət Ləzgi Dram Teatrında Yevgeni Şvartsın "Qırmızı papaq" nağılı əsasında hazırlanan eyniadlı əsəri ilə çıxış edib.

 

Teatrın yaydığı məlumata görə, tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam Elşən Sərxanoğlu, bəstəkar Əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur.

 

Birhissəli səhnə əsərində aktyorlar Səbinə Məmmədzadə, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Zümrüd Quliyeva, Zülfiyyə Alhüseynova, Elşən Hacıbabayev, Ədalət Əbdülsəməd, Müşfiq Əliyev iştirak ediblər.

 

Qırmızı papaqlı qız uzaqda yaşayan nənəsinin yanına getmək istəyir. Lakin bu yollar çox təhlükəlidir. O yolda ayı, canavar, tülkü kimi heyvanlar var. Buna baxmayaraq, Qırmızı papaq yola düzəlir. O, həqiqətən yollarda çətin maneələrlə qarşılaşır.

 

Azyaşlı tamaşaçıların böyük sevincinə səbəb olan tamaşanın sonunda nağıl qəhrəmanlarını canlandıran aktyorlarla balaca tamaşaçılar xatirə şəkilləri çəkdirib, onlara gül dəstələri bağışlayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)