“Məhəbbət əfsanəsi” əfsanə kimi şirin idi Featured

Rate this item
(0 votes)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Nəhayət ki, çoxdan anons etdiyimiz artefak baş tutdu, Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin yeni quruluşda premyerası oldu. Özü də premyera digər bir möhtəşəm hadisəyə başlanğıc verdi. Axı dünənki tarix - 18 sentyabr Milli Musiqi Günü idi. Bu tarix münasibətilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi “Məhəbbət əfsanəsi”ndən keçid aldı. Qeyd edək ki, “Məhəbbət əfsanəsi” bu gün - sentyabrın 19-da da Heydər Əliyev Sarayında təqdim ediləcək. 

 

İndi isə qayıdaq premyeraya. Bu münasibətlə Heydər Əliyev Sarayının foyesində sərgi də təşkil edilib. Sərgidə “Məhəbbət əfsanəsi” baletinin indiyədək yayımlanan afişaları və Arif Məlikovun yaradıcılığına dair foto və məlumatlar nümayiş olunub. Zarafat deyil, balet dünyanın neçə-neçə ölkəsində tamaşaya qoyulub. Və baletun yeni quruluşda növbəti premyerasını işləmək üçün də digər ölkələrdən qonaqlar gəliblər. Onların arasında iki məşhur italyan -  İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan “Arena di Verona”nın bədii rəhbəri Stefano Trespidi və dünyaca məşhur Fazioli royallarını istehsal edən fabrikin yaradıcısı Paolo Fazioli xüsusən diqqətimizi çəkdi. Qonaqlar arasında Rusiyanın məşhur balet artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Rusiyanın Xalq artisti, dünyaşöhrətli balet artisti Nikolay Tsiskaridze də var idi. 

Tsiskaridze, eləcə də Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova tamaşanın nümayişindən əvvəl “Məhəbbət əfsanəsi”nin bir çox məziyyətlərindən söz açdılar. 

Mütləq qeyd edək ki, tamaşa  1961-ci ildə olduğu kimi, yenə də məşhur rəssam Simon Virsaladzenin eskizləri əsasında səhnələşdirilib. Belə ki, tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.

Unudulmaz təqdimatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər də yer alıb.

Gecəni isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov açdılar. 

F.Bədəlbəyli çıxışında Arif Məlikovun məşhur əsərinin Azərbaycanda səhnələşdirilməsini çoxdan arzuladığını vurğuladı. Yusif Eyvazov isə bu tarixi anlara şahidlik etdiyi və özünün də bu anların bir parçası olması səbəbindən xoşbəxt olduğunu izhar etdi. 

Sonra tamaşaçılara “Məhəbbət əfsanəsi” baleti təqdim edildi. 

Səhnədə şahzadə Məhmənəbanunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur Böyük Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin, Şirini isə Böyük Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa edirdilər. 

Tamaşa salonu alqış səslərinə bürünərək səhnədəki xarüqədə ifaya dəstək verirdi. 

Sonda bir qədər vikipedik məlumat da verək: Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. Nazim Hikmət isə əsəri görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından ilhamlanaraq qələmə alıb. Arif Məlikov faciəli sevgi və fədakarlıqdan bəhs edən əsərə musiqi şəklində yeni həyat qazandırıb. Bəstəkar 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu iki ilə bitirib.

“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı), bir qədər sonra isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində keçirilib. Haqlı olaraq şedevr adlandırılan bu baletin quruluşçu rejissoru Yuri Qriqoroviçdir. Bakı premyerası isə Qriqoroviçin köməkçiləri baletmeyster-rejissor Oksana Tsvetnitskayanın və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Rusiyanın Əməkdar artisti Ruslan Proninin quruluşunda təqdim edilir. Əsər ilk dəfə səhnəyə qoyulanda dirijoru maestro Niyazi olub. Heydər Əliyev Sarayında isə “Məhəbbət əfsanəsi”nin əsrarəngiz musiqisi Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim edilib.

“Məhəbbət əfsanəsi” baleti bu günədək müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda oynanılıb. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.

 

Fotolar AzərTAC agentliyinə məxsusdur.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)