Lənkəranda II Kitab Sərgisinin açılışı oldu, yazıçı Varisin oxucularla görüşü keçirildi Featured

Rate this item
(2 votes)

 

Telman Aslanov, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün Azərbaycanın 2024-cü il üçün gənclər paytaxtı Lənkəranda günəşli, mülayim havadır. Bu xoş ovqata Lənkəranda açılışı olmuş II Kitab Sərgisi də əlavə çalar qatıb. 

Heydər Əliyev Mərkəzində keçirilən sərgi iki gün davam edəcək. Tədbir Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Sərginin təşkilində ölkənin 30-a yaxın aparıcı nəşriyyatının, 70 nəfərə yaxın yazıçı və ziyalının iştirakı təmin edilib. Tədbir çərçivəsində maraqlı proqram və çoxçeşidli kitabların 20-90% arası endirimli satışı, eləcə də nümayişi nəzərdə tutulub.

Müxtəlif endirimlərin tətbiq olunduğu kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar təşkil edilməkdədir. 

Açılış mərasimində çıxış edən ANAİB sədri Şəmil Sadiq kitabın bütün cəmiyyətlərdə artan rolundan, təşkilat olaraq tək Bakını deyil, bütün bölgələri əhatə edərək kitabın populyarlaşmasına verdikləri töhfədən, o cümlədən artıq 2-ci dəfə Lənkərana təşrif buyuran bu kitab sərgisinin bölgə əhalisi üçün necə bayram əhval-ruhiyyəsi bəxş etməsindən danışıb. 

Tanınmış yazıçı Varisin oxucularla görüşü, imza saatı, eləcə də 2 kitabının -  “Son məktub” və “Əzilmiş fotoşəkillər”in yeni - 4-cü nəşrlərinin təqdimat mərasimi də Lənkəran sərgisinin birinci günündə maraqla qarşılanıb. “Hədəf” qrupuna aid “XAN” nəşriyyatı kitabları səhər Bakıda çapdan çıxarıb isti-isti Lənkərana gətirib. Ümumən yazıçının 5 bestsellerinin yayım hüququ artıq bu nəşriyyatdadır. 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin sədri Qafar Cəfərlinin moderatorluğu ilə keçən tədbirdə Varis öz yaradıcılıq yolu, ölkə daxilində və beynəlxalq miqyasdakı uğurları barədə danışıb, oxucuların suallarını cavablandırıb. 

Görüşdə bölgə yazarları, gənc kitab həvəskarları, media təmsilçiləri iştirak ediblər. 

Sabah daha bir tanınmış yazıçının - Rövşən Abdullaoğlunun oxucularla görüşü olacaq. 

Sabaha nəzərdə tutulan daha bir maraqlı tədbir Azərbaycan Ədəbiyyat Fondunun və AYB Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə “Region ədəbiyyatı. Problemlər, perspektivlər” mövzusunda dinləmədir. 

Sərgi lənkəranlı oxucular tərəfindən məmnuniyyətlə qarşılanır və böyük marağa səbəb olub. Heydər Əliyev Mərkəzində ətraf rayonlardan - Astara və Masallıdan da kitabaevərlərin gəlməsi, kitablara maraq göstərənlər arasında xeyli məktəblinin olması da diqqətimi çəkdi. 

Kitabsevərlər bu kimi tədbirlərin oxucuların sayının artmasına və gənc nəslin daha da sosiallaşmasına müsbət təsir göstərdiyini vurğulayırlar. Həmçinin, bu sayaq kitab sərgilərinin keçirilməsinin cəmiyyətdə kitaba olan marağın artmasına, mütaliə mədəniyyətinin daha da yüksəlməsinə xidmət etdiyi qeyd olunur.

Kitabları sevək, onlarla dostluq edək! 

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2024)