Mövludsuz... Mövludla... - ANAR Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Xalq yazıçısı Anarın mərhum Xalq yazıçısı Mövlud Süleymanlının dəfni günündə yazdığı “Mövludsuz…Mövludla…” adlı yazısını təqdim edir. 

 

Mövlud Süleymanlı dünyasını dəyişdi. Ədəbiyyatımız böyük, bənzərsiz, parlaq nasirini, mən etibarlı dostumu itirdim. İlk gənclik yaşlarından Mövlud bəlalarla üzləşmişdi. Sonralar "Dəyirman" adlı povestini top-tüfəngə tutmuşdular. Amma Mövludun xoşbəxtliyi ondaydı ki, ilk gənclik xətalarının ağır cəzayla nəticələnməməsi taleyinə xeyirxah insanın çıxmasıyla oldu. "Dəyirman"a atılan daşların müəllifi əzməsinə ədəbiyyatımızın ən namuslu  yazıçıları imkan vermədi.

Çox-çox illər bundan əvvəl başqa bir həyatda Mövludun sürdüyü maşınla Əkrəm Əylisliylə birlikdə bütün Azərbaycandan keçərək Gürcüstanın Azəri türkləri yaşayan bölgələrini geridə buraxıb, Ermənistan ərazisində yerləşən əzəli məskunlarımızdan birinə - Mövludun doğulduğu kəndə yetişdik.

Mövludun anasının, qardaşı Kərəmin çoxları üçün örnək ola biləcək saf bir Azərbaycan-türk dilində danışıqları indiyədək yaddaşımda xoş bir xatirə kimi yaşayır. Sonra faciəvi hadisələr başladı və Mövludgilin kəndi öz dədə-baba yurdundan dəbərdilib Şamaxı rayonundakı bir kənddə məskunlaşdı. Mövlud mənə danışmışdı ki, yeni yerləşdikləri bu kənd tərk edilmiş əski kəndlərinə çox bənzəyir və hətta günlərin bir günü yeni yurdlarında, təqribən köhnə kəndlərinə uyğun bir yerdə eynən o cür bir bulaq qaynayıb-çıxıb. Bu söhbət məni çox təsirləndirdi və bu barədə Mövluda həsr olunmuş yazı da yazdım.

Mövlud vəsiyyətinə uyğun olaraq Şamaxı həndəvərində köhnə - yeni kəndlərində dəfn olundu - anasının, qardaşı Kərəmin məzarları yanında.

Ana torpaq didərgin - doğma oğlunu, böyük yazıçısını, layiqli insanı - Mövlud Süleymanlını - doğmasını qəbul etdi.

Mövludsuz qalsaq da, ölməz əsərləriylə Mövlud Süleymanlı həmişə bizimlə olacaq.

Əlvida, Mövlud!

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)