Azərbaycan Ədəbiyyat Fondunun Ümumdünya Yazıçılar Təşkilatı ilə birgə keçirəcəyi tədbirə maraq böyükdür Featured

Rate this item
(0 votes)

Bu gün - 21 fevral, saat 12:00-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Ədəbiyyat Fondunun və Ümumdünya Yazıçılar Təşkilatının (WOW  - World Organization of Writers) birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatının dünya ədəbiyyat platformalarına inteqrasiyası” mövzusunda dinləmə keçiriləcək. Məruzəçi Ümumdünya Yazıçılar Təşkilatının sədri Marqarita Aldır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirə maraq böyükdür, dünya mediası tədbiri gündəmdə saxlayır. (Şəkillərdə, İtaliya və Misir mediasında tədbir barədə paylaşılan xəbərlər)

 

Ümumdünya Yazıçılar Təşkilatının əsas məqsədi dünya yazıçılarının yaradıcı səylərinin dünyanın humanitar sferasının gələcəyi uğrunda birləşdirilməsi, dünyada sabitliyin qorunmasında mədəniyyətin, ədəbiyyatın, mənəvi dəyərlərin həlledici rolunun təmin edilməsidir. 

Azərbaycan Ümumdünya Yazıçılar Təşkilatı üçün xüsusi statuslu bir ölkədir, belə ki, məhz bura Ümumdünya Yazıçılar Təşkilatının yaranması ideyasının beşiyi sayılır. 2019-cu ilin 1 oktyabrında  BMT-nin patronajlığı altında Avrasiya Millətlər Assambleyasının və Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə Bakıda dünyanın 52 ölkəsinin iştirakı ilə keçirilən 3-cü LiFFt festivallar festivalı zamanı “Ədəbiyyatda gələcək insan obrazının yaradılması” panelində Marqarita Al və dünyaşöhrətli qazaxıstanlı yazar Oljas Süleymenov belə bir böyük masştablı ədəbiyyat təşkilatının yaranması zərurətini səsləndirmişlər. Sonradan 2023-cü ilin 2 fevralında Qahirədə dünyanın 17 ölkəsinin nümayəndələri Ümumdünya Yazıçılar Təşkilatının Memorandumunu imzalamışlar. 

Hazırda bu təşkilatda 69 ölkənin yazarları təmsil olunurlar.

Bu il 4-6 aprel tarixlərində Nigeriyanın paytaxtı Abudja şəhərində Ümumdünya Yazıçılar Təşkilatının “Biz eyni planetin insanlarıyıq” adı altında 1-ci Konqresi keçiriləcək. Konqres zamanı YUNESKO-nun XXV Ümumdünya Poeziya Gününün qeyd edilməsi, 7-ci LiFFt Festivallar Festivalının keçirilməsi, “Humanitar modernləşmənin müasir problemləri” Ümumdünya mədəniyyət-təhsil forumunun, Avrasiya- Afrika innovativ biznes forumunun təşkili də nəzərdə tutulur. 

Ümumdünya Yazıçılar Təşkilatının 1-ci Konqresinin tərəfdaşı PAWA Panafrika Yazıçılar Assosiasiyasıdır. 6-cı LiFFt Festivallar Festivalının qızıl laureatı, d.r Ueyl Okidiran, Nobel mükafatı laureatı d.r Vole Şoyinka Konqresin Nigeriya üzrə simaları olacaqlar. 

Ümumdünya Yazıçılar Təşkilatı rəhbərliyinin Bakıya gəlişi səbəbləri Azərbaycan ədibləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, dünya mədəni əlaqələrinin yeni dinamik inkişafında Azərbaycan mədəniyyətinin rolunun artırılması, eyni zamanda Ümumdünya Yazıçılar Təşkilatının yaranma ideyasının beşiyi sayılan Azərbaycanın yazıçılarının dünyanın böyük ədəbiyyat platformalarında təmsil edilmələrini təmin etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)