Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu öz işinə başlayıb

Rate this item
(0 votes)

 

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir. 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçiriləcək forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalının müxbiri Şamaxıdan  xəbər verir ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak etdiyi foruma Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində (Shamakhi Palace Sharadil otelində) bu gün start verilib, sentyabrın 2-3-də isə Bakı şəhərində - “Gülüstan” sarayında davam edəcək.

 

Mədəniyyət naziri Adil Kərimli Forumu rəsmən açdıqdan sonra təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, AYB-nin birinci katibi Çingiz Abdullayev, MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva foruma təbrik nitqləri səsləndirdilər. 

Sonra panel müzakirələri başladı. 

Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar olacaq. 

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında öz əksini tapacaq.

Çıxışçılar arasında ədəbiyyatımızın və elmimizin tanınmış simaları: Nizami Cəfərov, Rəfael Hüseynov, Kamal Abdulla, Ramiz Rövşən, Aqil Abbas, Çingiz Abdullayev, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Varis, Əli Əmirli, Elnarə Akimova, Aqşin Yenisey, Sayman Aruz, Azər Turan, Şahbaz Xuduoğlu, Şəmil Sadiq, Əkbər Qoşalı, Qəşəm Nəcəfzadə, Qismət olacaq. 

Ədəbiyyatımızın mənafeyi naminə gözəl bir tədbirin keçiriləcəyi şübhəsizdir. 

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2023)