Həftəsonu Abşeron yarımadası zibilliklərdən təmizləndi

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu uik-enddə Abşeron yarımadasında ərazinin zir-zibildən təmizlənməsi aksiyası geniş vüsət aldı. Bu, razılaşın ki, günümüzün ən aktual məsələlərindəndir. Biz hara gəldi zibil atırıq, zibilimizi evdən çıxarıb zibil qutusuna atmağa can çəkib elə küçəyə vızıldadır, dənizdə çimib özümüzlə apardığımız ərzağın qalıqlarını elə sahiləcə atırıq. Nəticədə hər yanı zibilə qərq edir, təmizlik işçilərinin əməyini də yerə vururuq. Üstəlik, hər tərəfdə zibil qalağı görən uşaq və yeniyetmələrin estetik zövqü korlanmağa başlayır. İnanın, bu cür davam etsə, Azərbaycanı öz əllərimizlə dünyanın ən natəmiz ölkələrindən birinə çevirəcəyik. 

İndi isə keçək həftəsonu diqqətimizi çəkən təmizlik aksiyalarına. 

 

BAKI ŞƏHƏRİ

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şənbə günü paytaxtda təmizlik və abadlıqla bağlı daxili iməcilik keçirildi. 

Səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası ilə şəhərin 551 əsas küçə və prospektinin təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edildi və eyni zamanda, digər təmizlik və abadlıq işləri həyata keçirildi. 

 

HÖVSAN QƏSƏBƏSİ

Avqustun 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyəti, rayon mənzil kommunal təsərrüfatı birliyi, Hövsan qəsəbəsi bələdiyyəsi, “Qırmızı ürəklər” fondu, "Saipem", “Bahar Energy” şirkətlərinin əməkdaşları, Aqrar İnkişaf könüllüləri və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində iməcilik keçirildi. 

Aksiya çərçivəsində ümumilikdə 4 hektar sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazidən daşındı. 

Qeyd edim ki, sahil zonasında istirahət edən sakinlər də bu aksiyaya qoşulmuşdular. 

Nazirlik ətraf mühitin mühafizəsinə qayğı və dəstək göstərən bütün tərəfdaş qurumlara, vətəndaşlara, gənclərə təşəkkür etdi, hər kəsi tullantıların düzgün idarə olunmasını təbliğ etməyə və əraziləri çirkləndirməməyə çağırdı. 

Aksiya iştirakçıları sonda bir xatirə şəkli də çəkdirdilər ki, həmin şəkli qapaq fotosunda görürsünüz. 

 

MASAZIR QƏSƏBƏSİ

Abşeron rayonunun Masazır qəsəbəsində məişət tullantılarının ətrafa atılması digər ərazilərlə müqayisədə daha səciyyəvi hal alıb. Qəsəbədə tez-tez zibil qalıqlarına rast gəlmək mümkündür (iç fotolarda)

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti bu şənbə-bazar günlərində məsələyə müdaxilə etdi və Xidmətinin əməkdaşlarının nəzarəti ilə rayonun Masazır bələdiyyəsinin işçiləri tərəfindən zibilliklər təmizləndi.

İnşallah, bu təmizlənən ərazilərin sağ əlləri Abşeronun digər ərzilərinin də başına toxunar.

Amma zibilləyən də özümüzük, bəlkə insafa gələk? 

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)