Şahin ovuna gələn ərəblər, yaxud Azərbaycanın ornitoloji turizm imkanları

Rate this item
(0 votes)

 

 

Kənan Məmnədli, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizə şahin ovuna gələn ərəb şeyxləri  bunu o qədər mütəmadi etdilər, faunamıza o qədər zərər vurdular, Qırmızı kitaba düşən şahinlərin sayını o qədər azaltdılar ki, ictimai qınaq yaratdılar. Hətta bozbaş komediyaçılarımız bu mövzunu məzxərə obyektinə də çevirdilər. 

Amma heç demə, ornitoloji turizm deyilən bir nəsnə özündə quşlarla bağlı çox mətləbləri ehtiva edirmiş, binəva ərəblər də heç də beynəlxalq brokonyer deyil, ornitoloji turistlər imiş. 

 

Azərbaycanın ornitoloji turizm üzrə potensialının təqdim olunması məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən noyabrın 8-dən 13-dək Böyük Britaniya, İsveç, Bolqarıstan və Cənubi Afrika Respublikasından olan media nümayəndələri və quş müşahidəsi üzrə ixtisaslaşmış turoperatorlar üçün tanıtım səfəri təşkil edilmişdi, mıs-mıslardan sonra sözümün Mustafasına keçirəm. 

Dövlət Turizm Agentliyinin bu missiyasında səfər zamanı xarici qonaqlar “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində quşların Qafqaz dağları ilə Xəzər dənizi arasında 90 kilometr uzunluğunda keçid yolunu əhatə edən "darboğaz"ı ziyarət edərək, payız miqrasiyasını müşahidə etdilər.

Bundan əlavə, Azərbaycanda əsas quş müşahidəsi əraziləri kimi tanınan Şirvan, Qızılağac, Hirkan Milli parkları, Mahmudçala gölü, Varvara su anbarı, Xızı dağları, eləcə də digər ərazilərə səfərlər həyata keçirilib, Azərbaycanda mövcud olan nadir quş növləri müşahidə edildi.

Proqram çərçivəsində səfər iştirakçıları üçün ornitoloji turizmlə bağlı təqdimatlar, həmçinin B2B formatlı görüşlər təşkil olundu.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət qoruğu və digər müvafiq ərazilərdə ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi və təşviqi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Amma diqqət edin, gələn qonaqlar arasında əsla ərəblər yox idi.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)