Tanınmış yazıçı Varisin gənc oxucularla görüşü olub

Rate this item
(0 votes)

“Böyük Qayıdış” Gənclər Təşkilatının və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Libraff” kitab evində tanınmış yazıçı, Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyasının həmsədri Varisin gənclərlə görüşü keçirilib.

 

AzərTAC xəbər verir ki, görüş Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən “Qırmızı ləçəklər” romanının müzakirəsi əsasında reallaşıb.

İki saat davam edən görüşdə iştirak edən gənclər əsər haqqında onun müəllifindən məlumat alıb, fikir mübadiləsi aparıb və onları düşündürən suallara cavab tapıblar. 

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevlə Belarus gözəli Qalina Mankonun Belarusda başlayıb Xocalıda bitən müdhiş sevgi hekayəsindən bəhs edən, erməni vəhşilikləri və Xocalı müdafiəçilərinin qəhrəmanlıqlarından bəhs edən roman oxucuların marağına səbəb olub. Elə həmin marağın nəticəsində roman təkrar nəşr edilərək, kitabsevərlərin ixtiyarına verilib. 

Görüşdə iştirak edən gənc ədiblər yazıçıya bir sıra yaradıcılıq sualları ünvanlayıblar. 

Tədbirdə, həmçinin təşkilatların gənc auditoriya ilə gördükləri işlərin əhəmiyyətindən, kitab təbliğinə verdikləri dəyərdən bəhs edilib, yazıçıya Azərbaycan həqiqətlərini yorulmadan dünyada təbliğ etməkdə uğurlar arzulayıblar.

Görüşün yekununda tədbirdə iştirak edən gənclərə müəllifin imzası ilə kitabları hədiyyə edilib və xatirə fotoları çəkilib.

Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatının və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Qarabağ mövzusunda yazılmış əsərlərin müzakirəsi əsasında silsilə görüşlər həyata keçirilir. Həmin silsilədən olan bundan əvvəlki tədbirlər “Dolu” romanının və “Bütün yollar Şuşaya aparır” əsərinin gənclərin iştirakı ilə müzakirəsinə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)