Nizami Cəfərov - “Katarsis” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı akademik Nizami Cəfərovun “Katarsis” məqaləsini təqdim edir. Məqalə Varisin və Əlibala Məhərrəmzadənin birgə qələmə aldıqları “AMİN” romanı barədədir. Bu roman 2021-ci ildə Moskvada, İSP nəşriyyatında 5000 nüsxə çap edilib və Moskvada dərc edilən Qarabağ müharibəsi barədə azərbaycanlı yazıçının yazdığı ilk roman kimi tarixə düşüb. Roman hələ Azərbaycan dilində çap edilməyib.

 

Varislə Əlibala Məhərrəmzadənin birgə yaradıcılıq axtarışlarının son dərəcə uğurlu məhsulu olan “A.M.İ.N.” romanı zəmanəmiz üçün olduqca aktual problemlərə nüfuz etməklə yanaşı, zəngin həyat hadisələrini eyni bir məcraya gətirərək onlara məhz arxaik (və əbədi!) mənəvi- əxlaqi prinsiplər əsasında geniş şərh vermək cəhdləri ilə böyük maraq doğurur. Roman həm birnəfəsə oxunur, həm də elə ilk oxunuşdan oxucunun bütün  varlığına hakim kəsilmək iqtidarında olan güclü bədii- estetik aura yaradır ki, bunu təsvir edilən hadisələrin gur işıq altında verilməsi, xarakterlərin təqdiminin istər mənfi, istərsə də müsbət “poza”lardakı sadəlövhlüyə varacaq qədər səmimiliyi, təhkiyənin nağıl- dastan plastikası konteksində yeri gəldikcə baş qaldıran, ümumi ideyanın açılmasına təkan verən  psixoloji dramatizmi şərtləndirir.

Əsərdə biri digərinin ideyaca davamı olan iki süjetdən birincisinin qısa məzmumu bundan ibarətdir ki, Bakının məşhur Kubinka məhəlləsində müxtəlif  taleli ailələrdə dünyaya gəlmiş, eyni məktəbin eyni sinfində təhsil almış, dostlaşmış dörd yeniyetmə 80- ci illərin sonu, 90- cı illərin əvvəllərində baş verən mürəkkəb ictimai- siyasi hadisələrin, xüsusilə Ermənistanın Azərbaycana hərbi təcavüzünün təsiri altında belə bir təbii arzu ilə yaşayırlar ki, məqam düşən kimi cəbhəyə gedib Qarabağ torpaqlarını  müdafiə etsinlər. Və cəbhəyə  getmək zamanının gəlib çatdığı günlərdə dostlardan biri – Mərdan Moskvaya, bazarda alver edən dayılarının yanına gedir... “Həmin ərəfədə ölkədən çıxmaq müşkül idi, səfərbərlik elan edilmişdi, vağzallar, aeroport nəzarət altındaydı, bir qatar bələdçisi tapıb ona pul verərək gizli yolla Moskvaya gələ bildi. Qəti qərarı vardı, mütləq geri dönəcəkdi, dostlarından ayrılmayacaq, birlikdə, ölkəsinə qarşı müharibəyə başlamış, torpaqlarını işğal etmiş erməni qəsbkarları ilə vuruşacaqdı. Amma  bir həftə ərzində fikri tam  dəyişdi. Əlinə pul gəldikcə, yeyib- içmək məclislərindən ləzzət aldıqca, sarışın gözəllərlə yaxın olduqca  Bakıya qayıdıb müharibəyə yollanmaq, cavan canını qurban vermək fikri onu qorxutmağa başıadı”.

Mərdan evlənir, dayılarının nəzarətindən çıxıb daha nüfuzlu bir himayəyə- imkanlı qaynanasının nəzarətinə düşür, ev- eşik, biznes sahibi olur,  uşaqları dünyaya gəlir... Həmin illərdə isə Mərdanın dostları cəbhəyə gedir, Qarabağ uğrunda döyüşüb qəhrəmanlıqla həlak olurlar, əvvəl anası, sonra isə atası vəfat edirlər...

Əslində, Mərdanın “qayğısız”, hər cür “uğur” və “zirvələr” vəd eləyən Moskva həyatı elə bu cür də davam edə bilərdi. Lakin bu nə müəlliflərin, nə də Zamanın maraqlarına (yaxşı olar deyək, fəlsəfəsinə!) uyğun gəlməzdi. Və yeni evə köçmək üçün yır- yığış edərkən oğlu Kolya bir vərəq kağız tapır. Bu, o kağız idi ki, Mərdan on doqquz il qabaq Bakıdan Moskvaya gələndə ata- anasına, sevdiyi qıza, dostlarına, onların valideynlərinə hansı hədiyyələr alıb aparacağını yazmışdı.

Əlbəttə, bir həyat ukladından digərinə adlamaq, psixoloji maneələri yarıb keçmək, müqavimətlərə sinə gərmək elə də asan deyildi... “Mərdan od- alov püskürürdü, əvvəlki sakit təbiətli, fağır adama əsla bənzəmirdi. Sən bir işə bax. Hətta valideynləri rəhmətə gedəndə belə bu adamı Bakıya getməkdən çəkindirmək mümkün olmuşdu, indi hansısa bir vərəq parçasından onun doxsan dərəcə dönməsi əsla ağlasığan deyildi”. Hansısa  izahedilməz (və qarşısıalınmaz)  bir hissin təsiri ilə Mərdan kağıza- siyahıya yazmış olduğu şeyləri alıb Bakıya yollanır... Lakin məlum idi ki, Bakıda onu daha güclü, daha amansız müqavimət gözləyir... “O təhrik etdi dostlarını... Uşaqlar cəbhəyə yollandılar, gedib qəhrəmancasına vuruşdular, şəhid oldular, o özü isə arvad kimi qaçıb gizləndi...

Özünün bu cür aşağılanması ürəyincə olmadı, yerə tüpürüb daha kəskinini dedi, dedi, “gedib Anastasiya Sergeyevnanın yubkasının altında gizləndim...”

...İndi ha rola girsin, ha reallığı təhrif etsin, ha gerçəkliyə müxtəlif  bəhanələrlə əyrilik donu geydirməyə çalışsın, özünü ha aldatsın, hamısı boşunaydı, otuz yeddi illik həyat salnaməsində o ata, ana və üç dost qatiliydi”. Və əmin idi ki,  “vəfasızlıq, etibarsızlıq, dönüklük, satqınlıq”dan ibarət bu cür qatilliyi heş kim ona bağışlamayacaq.

Əvvəl Şəhidlər Xiyabanına gedib dostlarını ziyarət eləyir, onların gecikmiş hədiyyələrini məzarlarının üzərinə qoyur, sonra vəfasızlıq elədiyi Arzugilə baş çəkir, sonra isə dostlarının valideynlərinə... Onu  təmkinlə, anlaşıqlı qarşılayan yalnız Naumun artıq Qubanın Qırmızı qəsəbəsinə köçmüş valideynləri – Yakov dayı ilə Liza xala olurlar... “Naumun əşyalarına, ondan qalan yadigarlara baxdı. Birdən yerindəcə quruyub qaldı. Sanki bir cərəyan keçdi içindən. Üstündə qırmızı hərflərlə AMİN yazılmış albom vərəqi”.

Mərdanı oğlu Kolyannın təsadüfən tapdığı birinci vərəq bütün maneələrə rəğmən vətənə qayıtmağa məcbur etdiyi kimi, ikinci vərəq də Şahdağın  zirvəsinə qalxmağa, düşdüyü  hazırki rəzil vəziyyətdən qurtarmaq üçün ağlasığmaz hərəkətə təhrik eləyir... Xatırlayır ki, Xocalı faciəsi barədə eşitdikdə yeniyetmə dostlar qərar qəbul etmişdilər  ki, “Azərbaycanın Qarabağ savaşında qələbəsini niyyət edərək Şahdağın zirvəsinə çıxacaqlar... Naum albomdan bir vərəq cırdı, Şahdağa çıxmağa and içib dördü də sıra ilə baş barmaqlarını çərtdilər, qanları ilə vərəqə hərə öz adının baş hərfini yazdı:

AMİN

Vərəqi sinəsinə lap bərk sıxdı, gözləri yenidən yaşardı”...

Hadisələrin elə bu məqamından etibarən birinci süjet bitib ikincisi başlayır. Lakin romanın bədii konstruksiyası elə düşünülmüşdür ki, bunu ancaq həssas oxucu dərk edə bilər. Və əslində, hər iki süjetin elə əvvəldən paralel təqdimi birinin bitib digərinin isə davam etdiyini xüsusi fərqləndirməyə imkan vermir.

Mərdan düşdüyü vəziyyətdən xilas yolunu onda tapır ki, “Yakov dayını dilə tutsun, onunla dördlüyün ən müqəddəs arzusunun həyata keçməsini – Qarabağın işğaldan azad edilməsi diləyi ilə Şahdağın zirvəsinə ucalmağı həyata keçirsin, zirvəyə dörd hərfi həkk etsin. Qoy AMİN kəlməsi orada həkk edilərək qələbəni yaxınlaşdırsın, qələbə üçün canlarını fəda edən dostlarının qanı yerdə qalmasın”.

Yakov dayı əvvəl- əvvəl təklifi etirazla qarşılayır ki, əslində. buna onun haqqı da vardı: “...Dovşan kimi qaçıb gizləndin, üstəlik, dostlarını güdaza verdin. İndi də hoppana- hoppana durub gəlmisən ki, Yakov kişi, gəl mənimlə Şahdağa çıx, mənə rahat  olsun”. Və buna haqqı da var idi. Əslində, Mərdan elə uşaqlıq illərindən bütöv bir xarakter sahibi deyildi... “Dörd dostun hərəsinin bir ayaması var idi. Anar Vurubyıxan, Naum Oxumuş, İnam Çoxbilmiş idi. Mərdanı isə qeyri- müəyyənliklərinin, müəmmalarının qarşısında “nə ət, nə balıq” kimi tərcümə olunan rusca “Ne rıbo, ne myaso” deyə çağırırdılar”.

Mərdanın Şahdağ səyahəti nə qədər dostlarının, xüsusilə Naumun təşəbbüsü ilə olsa da və bu təşəbbüsü həyata keçirmək imkanı neçə illər (özü də necə illər!) sonra yaransa da, heç bir şübhə yoxdur ki, məsələ xronologiyada deyil, “əbədi zaman” deyilən bir şey var ki, hər bir mübhəmin açarı onun əlindədir... “Yenə nə qədərsə vaxt keçdi. Ani olaraq gözləri qapandı, gözlərinin qarşısında upuzun ağ saqqalı olan, başı fəsli bir qoca peyda oldu, soruşdu, dağlara hansı niyyətlə çıxmısan?

...Bütün bədəni, bədəniylə qarışıq ruhu tir- tir titrəyirdi.

Bəlkə, hər halda xilas olunacaq?

Bəlkə, çağırsın o zalımları?

...Yakov dayı, Yakov dayı” deyə qışqırdı”.

Şahdağ zirvəsinə qalxan yolda baş verən hadisələr, xüsusilə Mərdanın keçirdiyi az qala hər biri ölüm qorxusu ilə müqayisə oluna biləcək həyəcanlar onu ruhən söküb yenidən yığır desək, elə də romantik səslənməz. Keçilən hər bir mərhələ ona təskinlik verir, seyr etdiyi qeyri- adi gözəlliklərdən aldığı zövqlə canın elə həmin qeyri- adilikdəki ağrıları ilə  qarşı- qarşıya gəlir:

“Şəlalənin öncə səsi, sonra möhtəşəm görünüşü gələndə qeyri- ixtiyari gözünün yaşardığını hiss elədi. Buraya kimi gəlmişdisə, burada düşərgə salıb istirahət edəcəkdilərsə, demək artıq ilk qəhrəmanlığını etmişdı... Düşmək çıxmaqdan yüz dəfə rahatdır. Tam olmasa belə, artıq qismən borcundan çıxmış olacaqdı ən azı. Nəticə olmayanda belə cəhd təqdirəlayiq hesab edilir”.

Lakin həyat (tale!) onu nə qədər əzab- əziyyətə düçar etməli olsa da arzusunda  olduğu zirvəyə qədər çıxacaqdı. Hər şeydən əvvəl ona görə ki, bu, təkcə onun deyil,  ürəyi vətənpərvərlik, humanizm hissləri  ilə dolu dörd yeniyetmənin birlikdə arzusu idi. Və sadəcə  sağ qaldığı üçün bütün məsuliyyət onun üzərinə düşürdü... “Mərdanın ürəyi ağzının içinə gəlmişdi, başının zoqqultusu, gözlərinin qaralması artmışdı, qan- tərə batdığından başına  bürmələnmiş dəsmalı, əynindəki alt paltarını suyun içində hiss edirdi, bədəni alışıb yanırdı, dodağının qan tamını hər dəfə onları dili ilə yaladıqda daha kəskin hiss edirdi...

Amma bu dəfə şikayətlənmədi, arxadan məğrur siluetinə göz qoyaraq Yakov dayıya ürək- dirək verəsi oldu:

˗ Allah Nauma rəhmət eləsin, Allah hər üçünə rəhmət eləsin. Nauma da, Azərə də, İnama da.

Ardınca özü üçün pıçıldadı:

˗ Allah mənə də lənət eləsin ki, indi onların yanında deyiləm”.

Mərdanın çəkdiyi həm fiziki, həm də  mənəvi əzablar bir- birini əvəz etdikcə Yakov dayının “Tovrat”dan dediyi ayələr səslənir ki, bu həmahənglik məlum katarsis – günahın yuyulması prosesini həm dərinləşdirir, həm də ona ilahi məzmun, ruhi enerji verir.

Şahdağa qalxmazdan bir gün əvvəl Mərdan Qırmızı qəsəbədəki sinaqoqda olmuş, Allahın Musa peyğəmbərə və İsrail övladlarına ünvanlanmış on buyruğu dinləmiş, ravvindən xeyir- dua da almışdı.

Zirvə fəth olunandan sonra “əllərini göyə açıb həyatında ilk dəfə Allaha pıçıltı ilə yox, qışqırtı ilə” dua edən “Allahım, sən mənim darda olan vətənimi düşmən tapdağından xilas et” deyə yalvaran Mərdan qaya üzərində dörd yeniyetmə dostun adlarının baş hərflərini – A.M.İ.N. yazmağı da unutmur.

Dünya xali deyilmiş. Həm yəhudi sinaqoqunun, həm xristian kilsəsinin, həm də islam məscidinin təbliğ etdiyi kimi, bu dünyada haqq- ədalət deyilən müqəddəs bir gözləntinin həyata keçməsi, gerçəkləşməsi, haqsızlığın, ədalətsizliyin isə məhşər ayağına çəkilməsi varmış.

Roman ona sonralar – bizim günlərdə əlavə edilmiş bir epizodla bitir... Şuşanın erməni işğalçılarından geri alınmasında bir döyüşcü olaraq iştirak edən Mərdan Gövhər ağa məscidində yenə ağ saqqallı, başında fəs olan qoca ilə rastlaşır. Qoca ona “Şahdağın ətəyində xudahafizləşərkən yadındaır nə demişdim? Demişdim ki, dağlar ora xoş niyyətlə gedən adama qucaq açar, bəd niyyətlə gedənə də məzar olar” deyib gözdən itir. Və Mərdan  əmin olur ki, niyyəti yerinə yetdisə, deməli, günahını artıq bütünlüklə yumuşdur.

Əsərin qəhramanının keçirdiyi katarsisin əsası, əslində, Bakıya ilk səfərindən sonra Moskvaya qayıdanda “ailəsindən yüz ildir ayrıldığı təəssüratı var idi. Ondan qopa bilməyən uşaqlara Bakıdan, Qubadan danışdı, azərbaycanlıların necə qonaqpərvər, mehriban xalq olmalarından bəhs etdi. Yurdsuz- yuvasız ermənilərə ürəkləri yanıb yaşamaları üçün torpaq vermələrindən, sonradan da ermənilərin bu torpaqlara sahib çıxmaq üçün müharibəyə başlamalarından danışdı, bu müharibənin nə qədər canlar aldığını, Azərbaycanın hər bölgəsində Şəhidlər xiyabanlarının yarandığını, biri yəhudi  millətindən olan üç dostunun da,   o dostlarının ki, Kolya tapan siyahıda adları var idi, müharibədə qəhrəmanlıqla vuruşub həmin Şəhidlər Xiyabanında  uyuduğunu söylədi”.

Vətənində baş verən hadisələrə illər uzunu laqeyd qalan Mərdan birdən- birə öz vətəndaşlıq  məsuliyyətini anlayır, dünyanın müxtəlif yerlərinə səpələnmiş yəhudilərin Qırmızı qəsəbəyə göstərdikləri  köməyin  həm maddi, həm də mənəvi təsirini  görür və dərk etməyə başıayır ki, harada  yaşayırsansa yaşa, çox zərif mənəvi tellərlə bağlı olduğun bir məkan var ki, onun taleyi üçün cavabdehsən.

Azərbaycan nəsrində Bakı koloritini təsvir edən nümunələr az deyil, lakin “A.M.İ.N.” dəki təsvirlər də özünəməxsusluğu ilə həmin təsvirləri zənginləşdirir:

“Görən, hanı indi Zerkalo Klara, Aydınçik?

Köhnə Bakının yastı- yapalaq evləri, həyətlərə atılmış kilim, gəbələr, pırıltıyla uçan göyərçinlər, starıveş (işlənmiş əşyalar – red.) satanların səs- küyü, çığıraraq oynaşan uşaqlar, kətil qoyub əyləşən əlitəsbehli ağsaqqallar, tinlərdə dayanan “aerodrom kepkalı” cavanlar...

Kim kimi görürdüsə tanıyıb tanımamasından asılı olmayaraq salamlaşırdı, cavanlar yaşlıları görcək siqaretlərini gizləyərdilər... Böyüyə hədsiz hörmət vardı...”

Və təkrarolunmaz Kubinkanın təkrarolunmaz mənzərələri...

Romanda Azərbaycan yəhudilərinin həyat tərzi, istedadı, zəhmətkeşliyi, başlıcası isə vətənpərvərliyi böyük ehtiramla tərənnüm olunur ki, bunu ilk növbədə Yakovun timsalında görürük.

Yakov dayının müdrikliyi, yəqin ki, bir şeyə yaramazdı, əgər onun humanizmi, yıxılana əl uzatması, vətəninə məhəbbəti olmasaydı. Və bu sözlər də ona aid olmaqla yanaşı, yaşı altmışı adlamış adi bir dağ yəhudisinin idrak- təfəkkür səviyyəsini göstərir: “Mayası məğlubiyyətdən yoğrulmuş heç bir qələbə sonadək davam edə bilməz, qələbənin süqutu deyilən bir anlayış da var. O vaxt ermənilər Şuşanı alanda onların tank alayının  flaqman tankını bizim yəhudimiz Albert Aqarunov vurmuşdu. Albert ermənilərin komandirləri Qaqik Avşaryanı da, mexaniki, atıcı arteleristi də gəbərtmişdi. Amma ermənilər yanmış həmin o T- 72 tankını bərpa edib, tünd yaşıl rəngə boyayıb 442  nömrəsini də ağ rənglə gövdəsinə yazıb təpənin başında, Şuşaya tuşlanmış vəziyyətdə, bir abidə kimi qoyublar. Bu nadanlar  anlamırlar ki, ölünü diriltmək, yıxılanı yıxan kimi qələmə vermək heç vaxt uğur gətirməz”.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş  romanda onun haqqında olduqca hərarətli sətirlərin olması tamamilə təbiidir: “Onun hərb tarixinə gətirdiyi yeni bir tank döyüşü metodu da var idi ki, bu metod “yəhudi buterbrodu” adını almışdı. Düşmənin tanklarını nişangahda saxlayan Albert bir müddət atəş açmadan onların bir- birinə yaxınlaşmasını gözləyirmiş. Elə ki yaxınlaşdılar, bir mərmi ilə ikisini birdən vururmuş”.

Və Albertə qəhrəmanlıq şöhrəti gətirən bir də o idi ki, düşmən  gülləsinə tuş gələn döyüş yoldaşının  cəsədini kənara çəkmək üçün yolda tankı saxlayıb düşəndə erməni snayperi  tərəfindən vurulmuşdu.

Hadisələr romanda o dərəcədə iç- içə, yerli- yataqlı, bir- birilə əlaqədə, biri digərini şərtləndirərək təsvir olunur ki,  sanki sənədli bir kino- filmin ssenarisini oxuyursan. Hansı hadisənin, hansı şəxsin adı çəkilirsə, onun haqqında müfəssəl təsəvvür yaratmaq cəhdləri, demək olar ki, hər məqamda hiss olunur. Ən təqdirəlayiq də odur ki, hər nə qədər təfsilata, təfərrüata varılsa da, əsərin (və müəlliflərin) ideya-estetik qayəsi, izlənilən strateji mətləb heç zaman dumanlanmır. Və şübhə etmirəm ki, istedadlı qələm adamlarımızın  bu birgə yaradıcılıq uğuru yalnız onların vətənində deyil, onun hüdudlarından uzaqlarda da məmnunluqla qarşılanacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)