Kolumbiyada “World Poetry Movement”in ilk beynəlxalq konqresi keçirildi Featured

Rate this item
(0 votes)

AZƏRBAYCANI BU MÖHTƏŞƏM TƏDBİRDƏ NİGAR HƏSƏNZADƏ TƏMSİL EDİRDİ

  Kolumbiyada, Medellin şəhərində 1-15 iyul tarixlərində Dünya Poeziya   Hərəkatının (“World Poetry Movement”) ilk beynəlxalq konqresi və həmçinin dünyanın ən məşhur Poeziya festivalı olan Medellin Festivalı keçirilib. Dünya Poeziya Hərəkatının konqresində və Medellin festivalında  Azərbaycanı "SÖZ" və "İGİDLƏRİN SÖZÜ" layihələrinin qurucusu, tanınmış şairimiz Nigar Həsənzadə təmsil edib. Xatırladaq ki, Dünya Poeziya Hərəkatının İdarə Heyətinin qərarı ilə Nigar Həsənzadə Azərbaycanda Dünya Poeziya Hərəkatının nümayəndəsi təyin olunub.

“Ədəbiyyat və incəsənət” portalı Kolumbiyadan qayıtdıqdan dərhal sonra Nigar Həsənzadə ilə əlaqə yaradaraq ondan bu böyük dünya ədəbiyyatı forumu barədə bilgilər alıb.

 

Ölkəmizin bu konqresdə və dünyanın ən böyük şeir festivalında iştirakı,  Azərbaycanımız və dünya ədəbiyyatı üçün böyük əhəmiyyət kəsb etməkdədir. 2006-cı ildə alternativ Nobel mükafatını qazanmış və çətinliklərlə dolu 30 illik tarixi ilə tanınan Medellin festivalı dünyanın müxtəlif bölgələrində yüz minlərlə insanı şeirə, sözə və azadlığa olan sevgi ilə birləşdirib. Və bu il ilk dəfə olaraq Medellin festivalı öz səhnəsindən Azərbaycan dilinin melodiyasını eşidib.

Nigar Həsənzadə deyir: “Festivaldakı çıxışlarımda sözlərimi necə diqqətlə və nəşə ilə dinləyən böyük bir auditoriyanın hisslərini təsvir etmək mümkün deyil... Tərcümələrin dinləyicilərə bu qədər dərin nüfuz etdiyini heç vaxt görməmişdim. Yalnız tərcümələr sayəsində yaradıcılığımla tanış olan insanların göz yaşlarını və inilti səslərini eşitdim, bu an gəlişimin və iştirakımın bütün əhəmiyyətini anlamaq üçün kifayət qədər idi...".

Şairimizin Kolumbiyaya bu uğurlu səfəri Azərbaycan Xarici İşlər Nazirliyi və Meksikadakı Azərbaycan Səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Medellin Festivalında iştirakını Nigar Həsənzadə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, ədəbiyyatın böyük dostu Heydər Əliyevə həsr etmişdir.

Nigar Həsənzadə söyləyir:

"Dünya Poeziya Hərəkatının ilk konqresində öz ölkəmi təmsil etmək böyük bir şərəf və sevincdir. Səfərimi və çıxışlarımı Ulu Öndərimizin xatirəsinə həsr etdim və bu şərəf və imkan üçün ölkənin Xarici İşlər Nazirliyinə və Meksika Səfirliyinə dərin təşəkkürümü ifadə edirəm. İnsan öz vətənini yalnız sözlə deyil, əməlləri ilə sevməlidir."

Festivalda 60 ölkədən 104 şair iştirak edirdi. Festivalın iştirakçıları və konqresin nümayəndələri arasında tanınmış şairlər: Türkiyədən Ataol Behramoğlu, Nurduran Duman, Kolombiyadan Fernando Rendon, ABŞ-dan Carolyn Forché, Belçikadan Sylvie Marie, Portuqaliyadan Luis Felipe Sarmiento, Pakistandan Imdad Aakash, İtaliyadan Anna Lombardo, Kubadan Alex Pausides və başqaları var idi.

Qardaş Türkiyənin Dünya Poeziya Hərəkatında koordinatoru Nurduran Dumanın çıxışına xüsusi diqqət çəkmək istərdik. Məşhur şair və ictimai fəal Nurduran Duman çıxışında dünya poeziyası üçün türk ədəbi irsinin əhəmiyyətini qeyd etdi və türk ədəbiyyatının dünya ədəbiyyat elitasının nümayəndələri ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi.

Digər çıxışçılar da poeziyanın bu təntənəsini dünyanı mənəvi deqradasiya yolundan saxlayan bir çağırış olacağına ümidvar olduqlarını bəyan etdilər.

Nigar Həsənzadə söyləyir:

“Dünyanın ən müxtəlif xalqlarını, dinlərini, irqlərini təmsil edən şairləri bircə məfhum – əlahəzrət SÖZ biləşdirirdi. Bəşəriyyətin gələcəyi təkcə siyasətçilərdən və təbii resurslardan asılı deyil, həm də maarifçilik sükanını əlində tutanlardan, mənəviyyat xəzinəsinə sahiblik edənlərdən asılıdır.

Festivaldan ayrılmaq çətin idi. Amma əsas odur ki, bu ayrılıq formal ayrılıqdır. Şairlər arasında canlı körpülər yarandı. Düşünürəm ki, bu körpülər əbədi olacaq.”

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)