Sumqayıtda “Ruhumuzun binəsi" adlı mədəniyyət festivalı keçirilib

Rate this item
(1 Vote)

Sumqayıt şəhərində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü, Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi, S.Vurğun adına Mərkəzi Kitabxana, N.Gəncəvi adına Kitabxana-Klubun birgə təşkilatçılığı ilə Heydər Əliyev ili layihələri çərçivəsində "Ruhumuzun binəsi" adlı mədəniyyət festivalı  keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival N.Gəncəvi adına Kitabxana-Klubun və Sumqayıt Dövlət Rəsm Qalereyasının Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kitab və rəsm sərgisinin nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan yazıçı, ssenarist, kulturoloq Hafiz Ataxanlı Heydər Əliyevin siyasi fəaliyyəti ilə yanaşı Azərbaycan mədəniyyəti üçün gördüyü işlərdən danışıb.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin 2023-cü ilin Heydər Əliyev ili olduğunu qeyd edərək, Sumqayıtda da yubiley tədbirlərinin böyük coşqu və ruh yüksəkliyi ilə keçirildiyini xüsusi vurğulayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Humanitar və ictimai- siyasi məsələlər üzrə müdir müavini Fərman Kazımov çıxışında bildirib ki, Azərbaycanın milli müstəqilliyinin 70 ildən sonra bərpası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  O, qeyd edib ki, Heydər Əliyev mənsub olduğu xalqa  və millətə dövlət müstəqilliyini qazandıran əvəzsiz liderdir. Onun ədəbiyyatımız və mədəniyyətimiz üçün də  gördüyü işlər danılmazdır.

Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, AzərTAC-ın Sumqayıt üzrə xüsusi müxbiri Ətrabə Rzayeva, Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova, S..Vurğun adına Mərkəzi kitabxananın müdiri Natavan Axundzadə, N. Gəncəvi adına Kitabxana-Klubun müdiri Ülviyyə Quliyeva, S. Vurğun adına Mərkəzi Kitabxananın uşaq bölməsinin müdiri Yeganə Hüseynova Heydər Əliyevin Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün isə ümumbəşəri dəyər olduğunu vurğulayıblar, onun Azərbaycanın siyasi həyatındakı xidmətlərindən söz açıblar.

Sumqayıt ədəbi cameəsinin iki ən yüksək adı - Ofelya Babayeva və Əşrəf Veysəlli də festivalda yaxından iştirak ediblər, çıxışları ilə yadda qalıblar.

Rafiq Yusifoğlu, İbrahim İlyaslı, Mənsurə Xələfbəyli, Rəfiqə Şəms, Xatirə Fərəcli, Lilpar Cəmşidqızı, Əliyar Mərdiyev, Ədalət Əroğlu, Mirzəcan Ağabalayev, Səadət Salmanqızı, Aygün Hacıyeva izləyicilərə öz şeirlərini oxuyublar.

Azərbaycanın Milli qəhrəmanı Polad Həşimov adına 28 saylı məktəbin və Qubadlı rayon Xıdırlı kənd orta məktəbinin şagirdlərinin ifasında Heydər Əliyevə və 28 may Respublika gününə həsr olunan  şeir və mahnılar tədbirə başqa bir ovqat və rəng qatıb.

Sonra  tədbir iştirakçıları S.Vurğun adına Mərkəzi kitabxananın oxucusu Dəniz İsmayılzadənin ifasında Hafiz Ataxanlının ssenarisi əsasında hazırlanan "Xurşidbanu Natəvanın Şuşa düşüncələri bu gün" adlı  monotamaşaya baxıblar. Monotamaşa çox böyük marağa səbəb olub.

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin bu festivalın keçrilməsinə şərait yaratdıqlarına görə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və bu işdə onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)