Dəclə və Fərat sahili və səksən beş il Featured

Rate this item
(0 votes)

 

Kənan Məmmədli yazır

 

Onu bir kitabı ilə hamı tanıdı və sevdi. İndi kitabları sıralayır, daha çox tanınır, daha çox sevilir. Bu yazı onun yubiley tədbiri barədədir. 

Dünən Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 85 illik yubiley tədbiri və görkəmli alimin “Seçilmiş əsərləri”nin 11 və 12-ci cildlərinin, “Azərbaycanda və İraqda Bayatlar” və “Xilaskarlar” (fars dilində) kitablarının, habelə Sərvaz Hüseynoğlunun “Ömrün Qəzənfər Paşayev modeli” kitabının təqdimatı keçirilib. 

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Qəzənfər Paşayevin zəngin elmi axtarışlarından danışıb və onun ədəbiyyatımızın inkişafındakı xidmətlərini yüksək dəyərləndirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Qəzənfər Paşayevi İraq türkmanlarının ölkəmizdəki təmsilçisi adlandırıb. Qeyd edib ki, o, bayatlar, Dərbənd və bütün Azərbaycanı əhatə edən çoxsaylı yazılar müəllifidir. 

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli yubilyara nazirlik tərəfindən təsis olunan “Şuşa-270” döş nişanını təqdim edib. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru, professor Şirindil Alışanlı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və başqaları Qəzənfər müəllimi işıqlı, xeyirxah insan kimi xarakterizə ediblər. 

Bildirilib ki, onun yazdığı “Altı il Dəclə-Fərat sahillərində” əsəri müəllifinə böyük və sonsuz şöhrət gətirib. Həmçinin alim Azərbaycan bayatları haqqında ilk ciddi tədqiqat əsəri yazıb. 

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Professor Qəzənfər Paşayev” adlı Elektron məlumat bazası iştirakçılara təqdim olunub. Qeyd olunub ki, Elektron məlumat bazası “Rəsmi sənəd”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Qəzənfər Paşayev haqqında”, “Ziyalı fədakarlığına örnək”, “Professor Qəzənfər Paşayevin qələm dostları və ədəbiyyatımız haqqında düşüncələri”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Tədbirin sonunda Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək tədbirin təşkilatçılığına görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya və bütün iştirakçılara öz təşəkkürünü bildirib. 

Sonda iştirakçılar Milli Kitabxananın fondunda olan professor Qəzənfər Paşayevin yaradıcılığını əhatə edən kitabların sərgisi ilə tanış olublar.

 

Qəzənfər Məhəmməd oğlu Paşayev 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulub. 

1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M. Rəsulzadə adına BDU-nun xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. 

İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib. "Kərkük bayatıları" (1968), "Arzu-Qənbər dastanı"(1972), "İraq kərkük atalar sözləri"(1978), "İraq kərkük bayatıları" (1984), "Kərkük tapmacaları"(1984), "Kərkük folklor antologiyası" (1987), "Nəsiminin İraq divanı"(1987), "İraq Türkmən folkloru" (1982), və b. kitabları nəşr edilmişdir. A. Dümanın "Qafqaz səfəri", "Necə yaşayasan yüzü haqlayasan" və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevə böyük uğur qazandıran "Altı il Dəclə və Fərat sahillərində" kitabı oxucular arasında əl-əl gəzdi. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu.

İraqda tərcüməçi işlədiyi dövr (1962–1966; 1972–1975) çox məhsildar olub, burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olmuşdur. "Azərbaycan dilinin Kərkük dialekti" mövzusunda namizədlik (1969), "İraq Türkmən folkloru" mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə etmişdir. 1964–1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən M. F. Axundov adına APİ) fəaliyyət göstərmiş, institututun ingilis dili fakültəsində dosent, dekan müavini (1970–1971), xarici dillər kafedrasının müdiri (1972–1989) olmuşdur. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişdir. 1989–1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001–2005), eyni zamanda 2003-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Ədəbi-elmi fəaliyyətində İraqda yaşayan azərbaycanlıların – İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliği xüsusi yer tutur. Paşayevin elmi fəaliyyətinin zirvəsi onun "İraq-türkman folkloru" adlı monumental əsəridir. Ə. Bəndəroğlunun "Şah əsər", prof. M. Naqibin "Abidə bir əsər" başlıqlı məqalələr həsr etdikləri, müəllifin 20 illik axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş, Azərbaycanda və xaricdə tədqiqatçıların diqqət mərkəzində olmuşdur.

Q. Paşayev "Ədəbiyyat" qəzetinin (1995-ci ildən), "Vəfa" (2004-cü ildən), "Folklor və etnoqrafiya" (2004-cü ildən), "Xəmsə" (2002-ci ildən), "Qopuz" (2005-ci ildən) jurnallarının, Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbi-nəzəri məcmuə" sinin redaksiya heyətinin üzvüdür. 1994-cü ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində müdafiə Şurasının üzvüdür. 1997–2005-ci illər arası həmin şuranın həmsədri olub. Pedaqoji və elmi kadrların hzırlanmasında xidmətləri vardır. Rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib. Onlarla doktorluq və namizədlik dissertasiyaları üzrə opponent olub. Bir çox dərslik və monoqrafiyaların redaktoru və ya rəyçisi olmuşdur.

Uzun müddət Azərbaycan–İraq Dostluq Cəmiyyətinin sədr müavini (1990–2003) olmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini şuranın yarandığı 1997-ci ildən üzvüdür. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş komissiyasının sədridir. Azərbaycanda: akademiklər: Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, akademiyanın müxbir üzvləri: Yaşar Qarayev, Vasim Məmmədəliyev, Tofiq Hacıyev, Azad Nəbiyev, Nizami Cəfərov, Filologiya elmləri doktorları, professorlar: M. Təhmasib, Qasım Qasımzadə, Vaqif Vəliyev, Musa Adilov, Murtuz Sadıxov, Əzizə Cəfərzadə, Zeydulla Ağayev, Sədnik Paşayev, Gülrux Əlibəyli, Qəzənfər Kazımov, tibb e.d. Mehdi Sultanov və başqaları, o cümlədən də xarici ölkə alimləri Ə. Tərzibaşı, Ə. Bəndəroğlu, f.e.n. Sinan Səid, M. Xurşid, prof. Mahir Naqib, prof. Sübhi Saatçı, M. T. Qayaçı, E. Hürmüzlü (İraq), prof. Mustafa Arqunşah, prof. Cəlal Ərtuq, prof. İsa Özgan, Kamal Çapraz, İsa Qayacan, dosent dr. T. Abbasxanlı və b. (Türkiyə) Paşayevin tədqiqatlarını yüksək qiymətləndirmiş, onun yaradıcılığına sanballı məqalələr həsr etmişlər.

Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyaların (o cümlədən incəsənət əsərləri), əlyazmaların, elmi mənbələrin, kitabların hamısını burada cəm etmişdir.

2001-ci ildə ocağın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş və ayrıca bir zalda "İraq-türkman ədəbiyyatı və mədəniyyəti" daimi ekspozisiyası açılmışdır. İraq Respublikasının "Əməkdə şücaətə görə" medalı ilə təltif edilmiş (1876), Kərkük vəqfinin (1999) və türkman cəbhəsinin (2003) diplom və yüksək mükafatlarına layiq görülmüşdür. Paşayevin həyat və fəaliyyətindən bəhs edən "Bu sevda ölüncədi" (2001), "İraq bizə iraq deyil" (2002) və s. kitablar nəşr edilmiş, şair H. Kürdoğlunun "Tovuzum mənim, Oğuzum mənim" poeması (1998) Paşayevə həsr olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)