Şuşada Vaqif Poeziya günləri major notlarla başa çatdı Featured

Rate this item
(0 votes)

 

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri iyulun 14-də və 15-də iki möhtəşəm gün tədbirləri ilə davam edib, nəhayət, öz işini başa vurdu. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunurdu. 

İyulun 14-də mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdikləri Poeziya Günləri çərçivəsində ilk tədbir keçirildi, “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi təşkil olundu. 

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açdı. Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirdi ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı da keçirildi. 

Öncə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” kitablarının təqdimatı oldu. 

“Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan hər bir yazıçı öz rayonları haqqında xatirələrini yazıb. Elçin Əfəndiyev Şuşadan, Ramiz Rövşən Qubadlıdan, Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Aqil Abbas Ağdamdan yazıblar. Eyni zamanda, bu kitabda Qarabağın tarixi, ədəbiyyatı, musiqi adamları haqqında zəngin məlumatlar da yer alıb. 

Həmçinin şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il “Xarıbülbül” musiqi festivalından sonra yazılmış publisist məqalələrə də kitabda yer verilib. Kitabın “Ön söz”ünün müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.

Sərgidə habelə tarixi romanlar müəllifi Yunus Oğuzun Şuşadan və ümumən 44 günlük müharibədəki qələbəmizdən bəhs edən “Cığır” romanı təqdim olundu.

Şair Ramiz Qusarçaylınıb Şuşaya həsr olunmuş “Vətən” poemasının təqdimatından sonra şair “Azərbaycan bayrağı” şerini oxudu və öz təəssüratlarını bölüşdü. 

Tədbirdə Elçin İsgəndərzadə, Elşən Əzim, Arzu Əsəd, İntiqam Yaşar və digərləri öz kitabları haqqında danışdılar, şeirlər səsləndirildi. 

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verilib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.

İyulun 14-də tədbirin rəsmi açılış mərasimi dahi Azərbaycan şairi Vaqifin məqbərəsi önündə baş tutdu. Mədəniyyət naziri Anar Kərimovun, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun və digər rəsmi şəxslərin iştirakı ilə keçən açılış mərasimində öncə Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olundu.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açılış nitqi ilə çıxış edərək qonaqları salamladı. Qeyd etdi ki, 30 il ərzində əsarət altına qalan Şuşa artıq azaddır. 

O, Şuşa azad ediləndən bəri bu şəhərdə keçirilən tədbirlər barədə danışdı. Həmçinin Xalq yazıçısı Molla Pənah Vaqifin həyat və yaradıcılığına nəzər saldı. Azərbaycan Yazıçılar Birliyinin sədri dahi şair Vaqifin şeirlərini səsləndirdi. Xalq yazıçı dedi: “Müzəffər Azərbaycan Ordusuna, ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevə, Şuşaya, xalqımıza eşq olsun!”.

Sonra çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev uşaqlığının Şuşada keçdiyini bildirdi. Dedi ki, bütün Azərbaycan xalqı uzun illər idi bu günü səbirsizliklə gözləyirdi. 

“44 günlük Vətən müharibəsində şəhid olanların çoxu Qarabağı görməmişdi. Onlar Azərbaycan Prezidentinə, dövlətimizə inanaraq bu yolda can qoydular. Məhz onların sayəsində biz bu gün çox böyük bayrama toplaşmışıq",- deyə Çingiz Abdullayev vurğuladı.

Daha sonra tamaşaçılar Azərbaycan muğamlarını dinlədilər.

Tanınmış Azərbaycan şairəsi Nigar Həsənzadənin “Söz” layihəsi çərçivəsində hazırlanan “İgidlərin sözü” layigəsində  Vətən müharibəsi iştirakçısı olmuş şairlərin muğamın müşayiəti ilə çıxışları oldu. Oğuz Alparslan, Miri Abdullayev, Eyvaz Eyyub, Nicat Ağayev, Emin Piri, Tamerlan Əsədov, Kərəm Aydın, Tofiq Əhməd, Həsən Kür, Cavid Haşımov, Səbuhi Qurbanov kimi döyüşçü əsgərlərin çıxışları gur alqışlar qazandı.  

Sonda tanınmış şairlərin “Odlar yurdum Azərbaycan” - vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirildi. 

Həmin gün Cıdır düzündə “Əsrlərin sədası” adlı konsert-tamaşa da nümayiş olundu. Konsert-tamaşada dahi Füzuli, Xəqani, Xurşidbanu Natəvan, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Mir Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi görkəmli Azərbaycanın ədiblərinin obrazları canlandırıldı.

Musiqili tamaşada Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova və digər incəsənət xadimləri çıxış etdilər.

İyulun 15-də Vaqif Poeziya Günlərinin ikinci  günündə isə Vaqif məqbərəsinin önündə tanınmış şairlərin “Azad Şuşa” adlı vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirildi. 

“Yeni nəfəs” adlı daha bir maraqlı kompozisiyanı isə yenə də Nigar Həsənzadə hazırlamışdı. Ramil Əhməd, Ruslan Dost Əli, Nadir Yalçın, Ulucay Akif, El Roman, Səddam Laçın kimi istedadlı gənc şairlər öz şeirlərini səsləndirdilər.

Maraqlı bir detalı da qeyd edək. Şeirlər səsləndiriləndə günəşin qızmar şüaları tamaşa edənləri narahat etdiyindən onlar stullardan durub kənar yerlərdə kölgəliklərə sığınaraq tədbirin gedişatını ordan izləyirdi, lakin 84 yaşlı xalq yazıçısı Anar axıradək yerini tərk etməyən 10-15 nəfərdən biri kimi diqqət çəkdi.

Beləcə, yüksək hazırlığı ilə fərqlənən Vaqif poeziya günləri yekunlaşdı. 

Mədəniyyətimizin paytaxtı olan Şuşa iki gün ərzində əsl poeziya bayramına şahidlik etdi.