Qubada “Çovdar çörəyi” müəllifinin imza günü keçirildi

Rate this item
(0 votes)

Avqustun 9-da “Azərkitab Kitab Mərkəzi” və “Ay işığı” ədəbi məclisinin birgə təşkilatçılığı ilə yazıçı, kouç, professor Əlibala Məhərrəmzadənin 45 illik yubileyi münasibəti ilə “Azərkitab”ın Quba filialında yaradıcılıq gecəsi və imza günü keçirildi. Əslən Qubadan olan, “Çovdar çörəyi” və “Ev tapşırığı. Uğur düsturunu tapmalı” kitabları ilə ölkə oxucusunun rəğbətini qazanmış Əlibala Məhərrəmzadə öz həmyerliləri qarşısına 10-a yaxın kitabla çıxdı.
Tədbiri giriş sözü ilə “Ay işığı” ədəbi məclisinin sədri, tanınmış şair Ramiz Qusarçaylı açdı. Ramiz Qusarçaylı həm Quba ədəbi mühitindən, həm də yubilyarın yaradıcılığının məziyyətlərindən söz açdı.
 “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov çıxış edərək “Azərkitab”ın gələcək hədəflərindən, kitab mədəniyyətindən, Əlibala Məhərrəmzadənin yaradıcılığından danışdı.
İmza günündə tarix elmləri doktoru Şahin Fazil, Bakı Dövlət Universitetinin prorektoru, biologiya elmləri doktoru  Məcnun Babayev, tanınmış yazıçı, beynəlxalq ədəbiyyat festivalları laureatı Varis Yolçuyev, Quba Mərkəzi kitabxanasının direktoru Saməddin Nəsirov, Quba Statistika idarəsinin müdiri Sahib Məmmədov və digər ziyalılar çıxış edərək öz ürək sözlərini söylədilər, yubilyarı təbrik etdilər.
Əlibala Məhərrəmzadə tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi, onlara imzalı kitablarını hədiyyə etdi, gələcək yaradıcılıq planlarından danişdı.
Şair Ramiz Qusarçaylı son söz söyləyərək “Azərkitab”ın Quba filialının kollektivinə, əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Qubalılar şəhər həyatında əlamətdar hadisəyə çevrilmiş bu sayaq tədbirlərin tez-tez keçirilməsini dilə gətirdilər. Əlbəttə ki, ədəbiyyatın əyalətlərə nüfuz etməsi olduqca mütərəqqi haldır.