Baba Vəziroğlu Sabirabadda oxucularla görüşüb

Rate this item
(0 votes)

Sabirabadda nəğməkar şair Baba Vəziroğlu ilə görüş keçirilib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın rəhbərlik etdiyi “Günlərdən şeir” layihəsi çərçivəsində gerçəkləşən tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyi, Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Mil-Muğan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Hophopnamə” Kitab Mərkəzində baş tutan tədbirdə mədəniyyət işçiləri, region ictimaiyyətinin nümayəndələri, gənclər və məktəblilər iştirak ediblər.

Tədbirin moderatoru Ağalar Ağammədov şair B.Vəziroğlunun həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib.

 Daha sonra görüşdən məmnunluğunu bildirən Baba Vəziroğlu 44 günlük Vətən müharibəsi zamanı yazdığı şeirlərindən bəhs edərək Canab Prezidentə həsr etdiyi “Cənab Ali Baş komandan” şeirini söylədikdən sonra, yaradıcılığı ilə bağlı sualları cavablandırıb.

Görüş zamanı iştirakçıları maraqlandıran sualları cavablandıran şair eyni zamanda oxucuların xahişi ilə öz sevilən şeirlərini səsləndirib.

 Şairin öz şeirlərini səsləndirməsini iştirakçılar həvəslə dinləyiblər, tədbirdə nəğməkar şairin şeirlərinə bəstələnmiş mahnılar da ifa edilib.

Sabirabad rayon İcra Hakimiyyəti başçısının  Birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza çıxış edərək, görüşlə bağlı xoş təəssüratlarını bölüşüblər, dəvəti qəbul edib oxucularla görüşə gəldiyi üçün şairə təşəkkürlərini bildiriblər.

Görüş qonaqlar tərəfidən böyük maraqla qarşılanaraq yüksək əhval-ruhiyyə ilə başa çatıb.

Sonda Baba Vəziroğlu ilə sevənlərinin xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)