“Azərbaycan Mədəniyyəti – 2040”: İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı hazırlanır Featured

Mayın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının icrası çərçivəsində “İncəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması” yarımbəndinin həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclası, eləcə də proqram üzərində çalışan işçi qrupun növbəti toplantısı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli çıxışında dövlət proqramının əhəmiyyətindən və qarşıda duran hədəflərdən danışıb. Nazir bildirib ki, iqtisadiyyat və təhsil sahələrinin qarşılıqlı əlaqəsi çərçivəsində təhsilin əsas istiqamətləri üzrə dövlət proqramlarının effektiv tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, yaradıcılığın inkişafı, yaradıcı məhsulların təşviqi və bu sahədə mövcud problemlərin aradan qaldırılması əsas prioritetlərdəndir.

“Bununla yanaşı, infrastruktur məsələləri də diqqətdə saxlanılmalıdır. Nəzərdə tutulan layihələr çərçivəsində hər sahəyə uyğun xüsusi yanaşmalar tətbiq edilməli, əlavə infrastruktur obyektlərinin yaradılması zamanı bu amillər nəzərə alınmalıdır. Bütün bu istiqamətlər üzrə dövlət proqramlarının sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi zəruridir”, - deyə nazir vurğulayıb.

İclasda çıxış edən “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının icrası üzrə İşçi Qrupu rəhbərinin müavini Ayaz Müseyibov Konsepsiyanın əsas istiqamətləri barədə geniş məlumat verib.

O qeyd edib ki, ölkədə elmi-mədəni mühitin formalaşdırılması, milli-mədəni dəyərlərin qorunması və təbliği xüsusi önəm daşıyır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın bərpası və bu bölgələrdə mədəniyyətin yenidən canlandırılması prioritet istiqamətlərdəndir. Bu sahədə dövlət qurumları tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

“Əsas çağırışlardan biri mədəniyyət və incəsənət sahəsində sistemli inkişafın təmin edilməsidir. Eyni zamanda, təhsil infrastrukturunun inkişafı, müasir təhsil metodlarının tətbiqi və incəsənət sahəsində nəticəyönümlü qiymətləndirmə mexanizmlərinin formalaşdırılması xüsusi diqqət tələb edir. Bu sahədə mövcud vəziyyət təhlil olunacaq və inkişaf strategiyaları müəyyən ediləcək”, - deyə Ayaz Müseyibov bildirib.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri, İşçi Qrupun sədri İntiqam Babayev incəsənətin inkişafı ilə bağlı dövlət proqramının hazırlanması üzrə İşçi Qrupunun cari fəaliyyəti, görülən işlər və planlaşdırılan növbəti addımlar barədə məlumat verib.

O bildirib ki, hazırda proqram çərçivəsində sahə üzrə mövcud vəziyyətin təhlili aparılır, prioritet istiqamətlər müəyyənləşdirilir və aidiyyəti qurumlarla sıx əməkdaşlıq şəraitində təkliflər toplanır. Eyni zamanda, incəsənətin müxtəlif sahələri üzrə inkişaf modelinin formalaşdırılması, yaradıcı mühitin gücləndirilməsi və peşəkar kadr potensialının artırılması istiqamətində işlər davam etdirilir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında vurğulayıb ki, bu istiqamətdə dövlət qurumlarının, müvafiq nazirliklərin, eləcə də sənət adamlarının fəal iştirakı vacibdir. Onun sözlərinə görə, qarşıda duran vəzifələr kifayət qədər genişdir və proqramların hazırlanması və icrası operativ, məqsədyönlü şəkildə həyata keçirilməlidir.

İclasda, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, eləcə də Xalq artistləri Fəxrəddin Manafov, Şəfiqə Məmmədova və digər natiqlər çıxış edərək sənədin mədəniyyətin inkişafı baxımından strateji əhəmiyyətini vurğulayıblar.

Qeyd edilib ki, belə konsepsiyalar mədəniyyət sahəsində sistemli inkişafın təmin olunması, yaradıcı mühitin genişləndirilməsi və gənc istedadların üzə çıxarılması baxımından mühüm rol oynayır. Eyni zamanda, sənət adamlarının təklif və təşəbbüslərinin nəzərə alınması gələcək inkişaf üçün vacib platforma yaradır.

Kino sahəsi ilə bağlı çıxış edən sənət adamları qeyd ediblər ki, bu istiqamət mədəniyyətin ən mühüm və təsirli sahələrindən biridir. Onların fikrincə, Azərbaycan kinosunun inkişafı, yeni nəsil rejissor və aktyorların formalaşması, eləcə də müasir texnologiyaların kinoya inteqrasiyası xüsusi diqqət tələb edir.

Çıxış edən natiqlər bildiriblər ki, “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının icrası mədəniyyət və incəsənət sahəsində sistemli inkişafın təmin olunmasına, yaradıcı mühitin genişləndirilməsinə və milli-mədəni dəyərlərin daha effektiv şəkildə qorunub təbliğ edilməsinə mühüm töhfə verəcək.

Vurğulanıb ki, bu prosesin uğurla həyata keçirilməsi üçün peşəkar kadr potensialının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət sahəsində ixtisaslı və təcrübəli kadrların hazırlanması, onların müasir bilik və bacarıqlarla təmin olunması gələcək inkişafın əsas şərtlərindən biri kimi qiymətləndirilib.

Eyni zamanda, dövlət qurumları, sənət adamları və yaradıcı ictimaiyyət arasında əməkdaşlığın daha da gücləndirilməsinin, təklif və təşəbbüslərin nəzərə alınmasının proqramın səmərəli icrasına xidmət edəcəyi bildirilib.

Daha sonra Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri, İşçi Qrupun sədri İntiqam Babayev incəsənətin inkişafı ilə bağlı dövlət proqramının hazırlanması üzrə İşçi Qrupun cari fəaliyyəti, görülən işlər və planlaşdırılan növbəti addımlar barədə məlumat verib.

Çıxışlar müvafiq sahələr üzrə fəaliyyətin nəticələrini əks etdirən slayd-təqdimatla müşayiət olunub.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.