30 aprel - Xüsusi Təyinatlı Qüvvələr Günüdür Featured

 

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Ələkbər Cahangirov Qazax rayonunun Fərəhli kəndində əfsanəvi kəşfiyyatçı, Xüsusi Təyinatlı Qüvvələrinin Kəşfiyyat Tabor Komandiri, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına "Qazax Xeyriyyə İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Ziyarət zamanı general-mayor Ələkbər Cahangirov Mühüd Orucovun əvəzolunmaz, qorxmaz zabit olaraq şəxsi heyət qarşısında böyük hörmət və nüfuza malik olmasını qürur hissi ilə yad edib:

"Mühüd Orucov həm şəxsiyyət kimi, həm zabit kimi vətənə, dövlətə sadiq insan idi. Şəxsi heyət arasında böyük hörmət və nüfuza malik idi. Mən Mühüdü şəxsən tanıyırdım. Onun döyüş yoluna, keçirdiyi əməliyyatlara dərindən bələdəm. Xüsusi döyüş taktikası vardı. Mühüd qeyri-adi gücə malik idi. Baxmayaraq ki, o gənc idi. Tabeçiliyində ondan dörd, beş, hətta on yaş böyük xidmət edən gizirlər var idi. Mühüd yaş fərqinin olmasına baxmayaraq xüsusi idarəçiliyə sahib idi. 2013-2104-2015-ci il və nəhayət 2016-cı il Aprel döyüşləri də daxil olmaqla bütün əməliyyatlarda Mühüd ön cərgədə olurdu. Baxmayaraq ki, onun vəzifəsi imkan verirdi ki, o yalnız idarəçiliklə məşöul olsun, şəxsi heyəti idarə etsin. Ancaq o daim bütün əməliyyatlarda özü şəxsən iştirak edirdi. Mühüd öndə gedən Komandir idi. Həmin dövrlər vaxtaşırı olaraq düşmən təxribatının qarşısını almaq məqsədilə əməliyyatlar keçirilirdi. Hər əməliyyatda o özü şəxsən iştirakını bu cür əsaslandırırdı: "Mən şəxsi heyətimi tək buraxa bilmərəm. Mən onlarla bir yerdə olmalıyam". Getdiyi bütün əməliyyatlar uğurlu əməliyyat olurdu. Hər əməliyyatdan sonra çox böyük fəxarət hissi yaşayırdı. Mühüdün böyük təcrübəsi vardı. Çox təəssüf olsun ki, Mühüd bu gün sıralarımızda yoxdur. Ancaq nə qədər Azərbaycan xalqı var, Müstəqil Azərbaycan Respublikası var, Mühüd Orucov daim yaşayacaqdır.

Biz yaxşı bilirik ki, övlad itkisi, qardaş itkisi, ata itkisi ağırdır. Allah Atasına can sağlığı versin. Anasına Allah rəhmət eləsin. Övladlarına can sağlığı arzulayırıq.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Qarabağ işğaldan azad olundu. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Cənab Prezidenthər zaman Şəhid ailələrinə diqqət və qayğı göstərir. Biz də Şəhid ailələrini heç vaxt tək qoymayacağıq. Nə qədər ki, canımızda can var, biz həmişə Şəhid ailələrinin yanındayıq. Mühüdün övladları, nəvələri, gələcək nəsillər hər zaman onunla fəxr edəcəklər. Mühüdün övladları, doğmaları, biz hər zaman sizinləyik".

General-mayor Ələkbər Cahangirov Mühüd Orucovun anası Sima xanımın məzarını ziyarət edib. Daha sonra onun doğulub boya-başa çatdığı ata evini ziyarət edib. Ailə üzvləri ilə səmimi söhbət edib.

Cənab general-mayor Ələkbər Cahangirova Mühüd Orucovun hərbi xidmətinə verdiyi dəyərə, ailəsinə göstərdiyi diqqət və qayğıya görə "Qazax Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, Qazax mahalının ziyalılarıvə bütün qazaxlılar təşəkkür edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.