Braziliyada “Azərbaycan Mədəniyyət Günü” Featured

 

Braziliyanın Laqo Sul şəhərində Azərbaycan zəngin mədəni irsinin tanıdılması məqsədilə "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti, jurnalist Fabiana Ceyhanın təşkilatçılığı ilə baş tutub.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Tədbirdə Azərbaycanın qədim və zəngin mədəniyyətini əks etdirən milli musiqilər, rəqslər, ənənəvi geyimlər və xalq sənəti nümunələri geniş şəkildə nümayiş olunub. Ölkəmizin mədəni irsinin dərin tarixi köklərə malik olduğu və bu gün də beynəlxalq səviyyədə tanındığı xüsusi vurğulanıb.

Bundan əlavə, milli mətbəx nümunələrinin sərgiləndiyi stendlər qurulub, iştirakçılar aşpaz Halil Ceyhanın hazırladığı Azərbaycan mətbəxinin ləziz təamlarına qonaq edilib.

Tədbirin bədii hissəsi xüsusi maraqla qarşılanıb. Milli musiqilərimizin səsləndirilməsi qonaqlara unudulmaz anlar yaşadıb. Nyu Yorkda yaşayan azərbaycanlı musiqiçilər Röya və Rizvanın ifaları isə braziliyalı tamaşaçıların zövqünü oxşayıb.

Tədbir Azərbaycan mədəniyyətinin beynəlxalq arenada daha yaxından tanıdılmasına, milli kimliyimizin qorunmasına və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib. “Azərbaycan Mədəniyyət Günü” Braziliya mətbuatında da geniş işıqlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.