29 aprel Beynəlxalq Rəqs Günüdür Featured

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

29 aprel peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs Günü 1982- ci ildən bəri YUNESKO-nun qərarı ilə qeyd olunur.

 

Bu tarix Fransız baletmeysteri Jan Jorj Noverin doğum gününə, yəni aprelin 29-na təsadüf edir. Jan Jorj Nover müasir baletin nəzəriyyəçisi hesab olunur.

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olduğu tarixdən hər il qeyd olunur. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.

Hələ eramızdan 2-3 min il əvvəl Azərbaycan ərazisində rəqslər insanların həyatında müəyyən yer tutmuşdur. Bu baxımdan Qobustan qayaüstü təsvirləri arasında “Yallı” oynayan insanların təsviri xüsusilə maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrdən rəqsə olan marağından xəbər verir. Bir-birindən maraqlı, məzmunlu xalq rəqslərimiz nəinki Vətənimizdə, dünyanın böyük konsert salonlarında da sevilir.

Onların simasında Azərbaycan milli xoreoqrafiya sənəti inkişaf yolunu tapmışdır. İncəsənətin ayrılmaz hissəsi olan milli rəqslərimiz gözəlliyi, bədiiliyi və zərifliyi ilə seçilir. Folklor, qədim xalq oyunları, rəqs havaları milli incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur.

Filmlərimizdə də rəqslərdən elementlərə rast gəlmək olar ki, bu da milli rəqs sənətinin inkişafı və təbliğində mühüm rol oynayır.

“Tərəkəmə”, “Naz eləmə”, “Turacı”, “Uzundərə”, “Qoçəli”, “Heyvagülü”, “Vağzalı” xalq rəqslərinə tamaşa etmək kifayətdir ki, xalqımızın zəngin musiqiyə, köklü adət-ənənəyə bağlı olduğunu duyasan.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.