Səməd Vurğunun 120 illiyi Abşeronda qeyd olunub

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq Abşeron Rayon Mədəniyyət Mərkəzində “Səməd Vurğun – poeziyanın zirvəsində: 120 il” adlı tədbir keçirilib.

 

Tədbir Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə Səməd Vurğunun həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sumqayıt Poeziya Evinin müdiri, şair İbrahim İlyaslı və AYB-nin Abşeron rayon bölməsinin üzvü, şair Yaşar Şirvani çıxış edərək bildiriblər ki, şairin poeziyasında vətən, torpaq və insanpərvərlik kimi mövzular əsas yer tutur.

Tədbirin bədii hissəsində məktəblilərin və tanınmış incəsənət ustalarının ifasında Səməd Vurğunun şeirləri səsləndirilib, həmçinin şeirlərinə bəstələnmiş mahnılar təqdim olunub.

Sonda Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.