Putinin Dərbənddəki Azərbaycan teatrının açılışına qoşulmasının pərdəarxası Featured

 

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Xəbər verdiyimiz kimi, martın 27-də Rusiya prezidenti Vladimir Putin videokonfrans vasitəsilə Dərbənddə yenidən təmir edilmiş Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında iştirak edib. O, teatrın yenilənmiş binasının regionun mədəni həyatı üçün önəmli olduğunu vurğulayıb və zəngin mədəni mühitin yalnız paytaxtlarda deyil, bütün bölgələrdə əlçatan olmasının vacibliyini qeyd edib. İnsanlar üçün maraqlı görünən bu açılış, mədəniyyətimizin inkişafının açıq nümunəsidir. Görəsən, Rusiya prezidentinin bu jestinin pərdəarxası məqamları vardırmı?

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "Ədəbiyyat və İncəsənət" portalına  müsahibə verib.

 

-Tofiq bəy, Dərbənddə Azərbaycan dram teatrının bərpası və açılışı "yumşaq güc" nümunəsi sayılırmı?

 

-Dərbənd bölgəsində Azərbaycan dram teatrının yenidən istifadəyə verilməsi, onun binasının bərpa edilməsi, ora investisiyanın ayrılması "yumşaq güc"ün  təzahürüdür. Çünki bəzi məsələlərin həllində sərt güc, ümumiyyətlə, güc vasitəsi, görürsən ki, aciz olur. Ancaq yumşaq gücün qurduğu konfiqurasiyalar daha işlək, daha etibarlı olur. Çünki onlar ilk növbədə insanlar arasında ünsiyyət platformasını formalaşdırır, təmasları yüngülləşdirir. Digər tərəfdən də insanlar anlayırlar ki, maddi maraqlar bir araya gələndə eqoistlik tüğyan etməyə başlayır. Ancaq maddi maraq olmadıqda elm, sənət, incəsənət sahəsində mübadilənin olması insanları eyni səviyyədə zənginləşdirir. Və ona görə də bu prosess ikitərəfli münasibətlər üçün həqiqətən də çox vacibdir.

 

-Bəs, bu teatr açılışı Azərbaycan mədəniyyəti üçün nə mesaj verir?

 

 

-Birincisi, burada əsas göstərici ondan ibarətdir ki, Azərbaycanlılara Rusiyada aftokton millət kimi baxmalıdırlar. Yəni, biz Azərbaycanlılar olaraq, həm də indiki Rusiya Federasiyasının yerli əhalisi kimi təşəkkül tapmışıq. Biz diaspora deyilik, biz icma, gəlmə deyilik.  İkincisi, bir daha göstərdik ki, Rusiyanın cənubunda, Dağıstan bölgəsində, Qafqaz bölgəsində Azərbaycan mədəniyyətinin xüsusi yeri var, onun dəsti-xətti var və istənilən halda orada yaşayan Azərbaycanlılar həm də Rusiya xalqlarının  tərkibində olaraq  mədəni inkişafda yaxından iştirak edirlər.  Onların özünə məxsus dəyərlər və ənənələr toplusu var. Nəhayət, onlar quruculuq işlərində həddən artıq fəaldırlar. Yəni, söhbət mədəni, sivilizasiya quruculuğundan gedir. Odur ki, bizim qonşularımız, xüsusilə də ermənilər, bir çox halda "Azərbaycanlılar gəlmədilər" demələri-əbəsdir. Bunların hər birinin arxasında heç bir maddi ya mədəni sübutu olmayan fikirlərdir.  Bir daha göstərdik ki, Azərbaycanlıların özünə məxsus mədəniyyəti, oturuşmuş mədəniyyəti var. Və bu mədəniyyət də qonşular tərəfindən, istər şimaldan, istər cənubdan, bütün sahələrdən, bütün siqnatarın hamısından dəyərləndirilir və özünə məxsus sabitləşdirici rol oynayır.

Son illər ərzində, xüsusilə də o 2024-cü ildə, 2025-ci  təyyarə qəzasından sonra da Azərbaycanlılarla bağlı qara PR mexanizmləri işə salındı. Bu heç də Rusiya cəmiyyəti üçün başucalığı gətirən göstərici deyil. Çünki azərbaycanlılar istənilən yerdə, əgər yaşayır və  fəaliyyət göstərilirsə, onlar yerli camaatlarla həmişə dil tapırlar.   Bizim bəzi qonşulardan fərqli olaraq azərbaycanlılar iddialar irəli sürmürlər. Onların başqa  millətlərin malına, varidatına göz dikmələri yoxdur. Azərbaycanlılar sadəcə mübadilə vasitəsilə   çalışırlar ki, özünəməxsus sabitlik situasiyasını formalaşdırsınlar.

Bu baxımdan elə hesab edirəm ki, Rusiyada bir qədər xoşa gəlməz hadisələr baş verdi. Xüsusilə də Azərbaycan dövlətinin rəhbəri, prezidentimiz İlham Əliyevin tələblərindən sonra araşdırma aparılmalı idi, kompensasiyalar verilməli idi, günahkarlar cəzalandırılmalı idi. Bunlar öz yerində, ancaq bunlara rəğmən Rusiya tərəfi sanki real situasiyanı qeyri-obyektiv şəkildə dəyərləndirərək çalışdılar. Hətta Azərbaycanlıları borclu çıxarsınlar. Azərbaycanlıların bu prosesdə heç bir günahı yox idi. Təəssüf ki, belə bir nəticə alındı, ancaq buna baxmayaraq,  qonşuluq siyasəti, ümumi yaşama prinsipləri bir şeyi hamıdan tələb edir ki, insanlar daha çox birləşdirici dəyərlərə köklənsinlər, yəni bir-birlərində nifrət, düşmən hissini yaratmasınlar.  Çalışsınlar ki, indiki  dövrdə bir qədər tədbirli olsunlar,  bizim müasirlərimiz inciməsinlər, onların qayğıları artmasın və nəhayət həm proseslərdən zövq alsınlar, həm də rifaha da bu öz müsbət təsirlərini göstərsin.  Bu sir deyil ki, Rusiyada Azərbaycanı sevməyən siyasi qüvvələr var, onların bəzi nümayəndələri, hətta hakimiyyət orqanları, seçkili orqanlarla təmsil olunurlar, daim Azərbaycana qara yaxmalar göndərirlər, çalışırlar bizim xalqımızın obrazını korlasınlar. Lakin  bunlar əbəs yerədir. Çünki azərbaycanlıların quruculuq imkanları, potensialı hamıya bəllidir və biz öz ənənələrimizdən geri çəkilməyəcəyik.  Dərbənd Teatrına Rusiya prezidenti Vladimir Putinin diqqəti,  mədəni dairələrinin bu məsələyə münasibəti, açılış mərasimində ürəklə, sevinc ilə iştirak etmələri son dərəcə yaxşı bir göstərici,  ümidverici anlayışdır. Çalışmaq lazımdır ki, Azərbaycanla Rusiya arasında münasibətlər korlanmasın, onların tərkibində sağlam münasibət olsun və insanlar birgə yaşayış məsələlərində də elə layihələri, elə proqramları həyata keçirsinlər ki, ondan bütün tərəflər iştirakçılar fayda əldə etsinlər.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.