Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Fevralın 17-də mədəniyyət yollarının hamısı Azərbaycan Milli Konservatoriyasına aparırdı. Çünki orada “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimat mərasimi keçirilirdi.
“Övraqi-nəfisə” nədir? 107 il öncə çıxan, cəmi 6 sayı işıq üzü görən, amma mədəniyyət tariximizin qiymətli bir parçasını özündə əxz etdirən ədəbiyyat və incəsənət dərgisidir.
Görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin qatıldığı tədbir “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinə həsr olunmuş videoçarxın nümayişi ilə başladı. Aparıcı elan etdi ki, mədəniyyətimizin ən zəngin səhifələrini özündə cəmləşdirən “Övraqi-nəfisə” bir əsr sonra milli mətbuatımızın 150 illik yubileyinə töhfə vermək niyyətilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən yenidən gündəmə gətirilib. ADA Universitetinin təşəbbüsü ilə və dəstəyi sayəsində ərəb qrafikalı əski Azərbaycan əlifbasından latın qrafikalı müasir əlifbaya transliterasiya olunaraq nəfis bir tərtibatla nəşr edilib.
Elə bu yerdə xatırladaq ki, “Azərbaycan” qəzetinin transliterasiyasından başlayaraq son illər ADA Universiteti tariximiz, elmimiz və mədəniyyətimiz üçün olduqca əhəmiyyətli bir missiyanı həyata keçirir. Bu da, əlbəttə ki, alqışalayiq fəaliyyətdir.
Tədbirdə ilk çıxış edən evsahibi - Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə bildirdi ki, “Övraqi-nəfisə” ifadəsi nəfis, incə və dəyərli səhifələr anlamını daşıyır. Zaman keçəcək, lakin bu layihə Azərbaycan mədəniyyətinin, milli incəsənətimizin və ümumən ədəbiyyat-musiqi tariximizin ən parlaq səhifələrindən biri kimi yaddaşlarda qalacaq.
Rektor bu tarixi missiyada Milli Konservatoriyanın ADA Universiteti və Ədibin Evi ilə bir cərgədə olaraq layihənin həyata keçirilməsində rol almasından sonsuz qürur hissi keçirdiyini dilə gətirdi.
“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva nəşrin milli mətbuatımızın 150 illiyinə həsr olunduğunu vurğulayaraq qeyd etdi ki, yubiley tarixləri yalnız təqvim hadisəsi deyil, həm də tarixi irsimizə yenidən nəzər salmaq, müəyyən məsələləri gündəmə gətirmək üçün mühüm fürsətdir. Şəfəq xanım “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin işıq üzü görməsinə maddi dəstək göstərmiş "Veysəloğlu" şirkətinə dərin minnətdarlıq bildirdi, qeyd etdi ki, necə ki, indi mədəniyyət himayədarlardan asılıdır, ciddi mədəni artefaktlar deyil, yalnız şou gəlir gətirə bilir, o dövrlərdə də teatr, konsert kimi əsl incəsənət nümayişi xoruz döyüşdürülməsinin kölgəsində qalırdı. Elə “Övraqi-nəfisə”nin cəmi 6 sayının çıxması da maddi çətinliklərdən dolayı idi.
Jurnalın transliteratoru, qeyd və şərhlərin müəllifi, filoloq və tərcüməçi Azad Ağaoğlu layihənin hazırlanma mərhələsində xüsusi həssaslıq və peşəkarlıq nümayiş etdirildiyini bildirdi. O qeyd etdi ki, nəşrin bədii və elmi hissələri jurnalın ümumi strukturu və konsepsiyasına uyğun şəkildə tərtib olunub, transliterasiya və şərhlər üzərində ciddi elmi iş aparılıb. "Mətbuat tariximizə və köklərimizə diqqətin artması, bu sahədə araşdırma və nəşrlərin intensivləşməsi xüsusilə ADA Universitetinin təşəbbüsləri ilə yeni mərhələyə qədəm qoyub. Bu isə mətbuat tariximizin sistemli şəkildə öyrənilməsi və ictimai yaddaşda daha möhkəm yer alması baxımından olduqca əhəmiyyətlidir", - deyə o bildirdi.
Növbəti natiq - Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov bu jurnalın Azərbaycan üçün son dərəcə əhəmiyyətli olduğunu vurğuladı. Onun sözlərinə görə, belə layihələr milli yaddaşı qoruyur, azərbaycançılıq ideyasını möhkəmləndirir və gələcək nəsillərə etibarlı mənbə ötürür. Çıxışçı bildirdi ki, qısa müddətdə görülən işlər yüksək qiymətə layiqdir və zaman keçdikcə bu zəhmətin dəyəri daha aydın görünəcək.
Tədbir bədii hissə ilə davam etdirildi. Azərbaycan Milli Konservatoriyasının bədii rəhbəri Pikə Axundova olan “Miras” qədim musiqi alətləri ansamblının ifasında orta əsr musiqi dühası Əbdülqadir Marağainin yaradıcılığından “Hüseyni bəstə” səsləndirildi. Proqramda, həmçinin Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasından fraqmentlər, “Qaragilə” xalq mahnısı, "Çahargah” təsnifi, "Şükriyyə", “Çırpınırdı Qara dəniz” mahnıları ifa olundu. Həmçinin Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından parçalar da təqdim edildi.
Bədii hissənin kulminasiya məqamı Zülfüqar Hacıbəylinin “Azərbaycan” marşının səslənməsi oldu. “Övraqi-nəfisə”də marşın yalnız sözləri dərc edildiyindən, musiqisinin notları olmadığımdan, Milli Konservatoriyanın əməkdaşları bəstəçinin bütün yaradıcılığını təhlil edərək marşın musiqisini təxmin etmiş və ortaya çıxarmışlar. Və tələbələrdən ibarət xorun marşı ifa etməsi tariximizin bir itmiş səhifəsinin bərpası qədər əhəmiyyətli oldu.
Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev təqdimat mərasiminin yaddaşlara yazılacağını bildirdi və əməyi keçən hər kəsə təşəkkürünü çatdırdı. O qeyd etdi ki, bu cür tədbirlərin davam etdirilməli vacibdir, hələ transliterasiya ediləcək çox mənbələr vardır, növbəti mərhələdə təhsil sahəsinə və tarixi mövzulara aid kitabların bu sayaq təqdimatı da həyata keçirilməlidir.
Sonra kollektiv fotolar çəkdirildi.
Tədbirə toplaşan hər bir kəs oradan xoş əhval-ruhiyyə ilə ayrıldı.
Mədəniyyətimizin keşiyində duran insanlar, sizə bir ömür borcluyuq.
Qeyd: materialda AzərTAC-ın fotolarından istifadə olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(18.02.2026)


